Fransanın əsas məqsədi regiona daxil olub möhkəmlənmək gələcəkdə Türkiyəyə və reğion dövlətlərinə təzyiq imkanları əldə etməkdir- ÖZƏL
14 Noyabr 2023 14:03 Siyasət"Fransanın Cənubi Qafqazla bağlı sərgilədiyi mövqe Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına mane olan əsas səbəblərdən biri ola bilər".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri AMİP-in beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev səsləndirib. O bildirib ki, Ermənistan baş naziri Paşinyan hələ bir il öncə tezliklə sülh müqaviləsinin bağlanması şansının yüksək olmasını qeyd etmişdi:
"Sonralar bir neçə dəfə bu bəyanatını təkrar etmişdi. Amma hər dəfə verdiyi bəyanatdan qısa müddət sonra fərqli bəyanatlar verməsinin də şahidi olmuşduq. Onun bir-birini təkzib edən fikirlərini hər dəfə Makronla görüşdən, ya da Mirzoyanın qərbə səfərlərindən sonra olması diqqətdən qaçmamışdı. Bu da onu deməyə əsas verir ki, Makronun daxil olduğu və sözçülüyünü həyata keçirtdiyi hansısa transmilli güc sülh müqaviləsinin tezliklə bağlanmasının marağında deyil".
AMİP rəsmisi deyib ki, Fransanın və onun bu siyasətini himayə edən dairələrin məqsədi Ermənistana hər hansı yardım etmək, Qarabağla bağlı onları qane edən nəticələrə nail olmaqda dəstək durmaq deyil:
"Əsas məqsəd regiona daxil olub möhkəmlənmək, bu region vasitəsilə həyata keçirdiləcək böyük iqtisadi, loqistik layihələrə öz nəzarətini təmin etmək, gələcəkdə Türkiyəyə və reğion dövlətlərinə təzyiq imkanları əldə etməkdir. Hazırda Fransanın bu istiqamətdə fikirləri Rusiya ilə ciddi toqquşur. Çünki Rusiya Cənubi Qafqaza, xüsusilə Ermənistana olan təsir imkanlarını Fransaya təhvil verib regiondan çıxmaq fikrində deyil".
Elşən Mustafayev hesab edir ki, aparılan bu siyasətin içində Qarabağ separatçılarına dəstək verilməsi, Ermənistana silah yardımı, regionu hələ də konfliktli zona kimi göstərməyə xidmət dayanır6
"Yəni bunların fikrincə əgər konflikt həll olunmayıbsa, deməli ortaya vasitəçilər girməlidir, masada muzakirələr aparılmalıdır, nəticədə bölgəyə sülhməramlı adı altında öz hərbiçilərini daşımalıdırlar və s. Vasitəçi kimi isə özlərini görürlər. Çünkü bu missiyanı üzərilərinə götürməklə regionda mövcudluqlarını hüquqi cəhətdən də sığortalamaq istəyirlər. Amma dediyim kimi burada Rusiya ilə üz-üzə qalacaqlar ki, rəsmi Kreml heç cür öz maraqlarını Qərbə təhvil vermək fikrində deyil. Ən azı yaxın gələcək üçün bu real görünmür".