Müstəqil Azərbaycan tarixinin ilk qalibiyyət sənədi

"10 noyabr üçtərəfli Bəyanatının imzalanmasından üç il ötür. Bəyanat müstəqil Azərbaycan tarixinin ilk qalibiyyət sənədi, 102 illik "dövlətçilik" tarixində isə havadarları hesabına daim irəliləyən Ermənistanın birinci təslimçilik aktıdır". 

"OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkili vurğulayıb ki,
cənab İlham Əliyevin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdı:

"Lakin məhz böyük Atatürkün anım günü ilə üst-üstə düşdüyü üçün cənab Prezident Zəfər Gününün noyabrın 8-də, Şuşanın işğaldan azad edildiyi tarixdə qeyd olunması barədə müdrik qərar qəbul edərək Atatürkə olan hörmət və ehtiramımızı bir də ali səviyyədə ifadə etdi. Yəni, əslində 10 noyabr qalibiyyətimizin rəsmiləşdiyi gündür.  
Məlumdur ki, Ermənistan kapituliyasiya aktı imzaladıqdan sonrakı ilk dövrlər, yəni 2020-ci ilin sonlarında Ağdam, Kəlbəcər və Laçını boşaltmağa məcbur olmaqla kapituliyasiya aktının şərtlərinə əməl etsə də, sonrakı periodlarda Qərbin, xüsusən Fransa və Fransanın orbitində olan bir sıra dövlətlərin təhriki ilə üzərinə götürdüyü öhdəliklərdən yayınmağa başladı. Nəticə etibarilə bölgədə yenidən vəziyyət gərginləşdi. Ötən 3 il ərzində Azərbaycan Fərruxda, Qırxqızda, Sarıbabada, Şuşa ətrafında bir neçə cəza tədbirləri həyata keçirməklə, həmçinin Ermənistan-Azərbaycan şərti sərhədləri boyu ötən ilin sentyabr ayında müvafiq addımlar atmaqla Ermənistanı sülhə dəfələrlə məcbur etsə də, İrəvan Qərbin ritorikasına qapılaraq geri addım atmaq niyyətinin olmadığını əməli olaraq göstərdi. Nəticədə, bu ilin sentyabr ayında Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu cəmi 23 saat davam edən antiterror tədbirləri ilə düşməni yerlə-yeksan edib, 3 ilin ərzində ikinci kapituliyasiya aktını imzalamağa və qanunsuz "rejimi" özünü buraxmağa məcbur etdi".
Deputat qeyd edib ki, faktiki olaraq Azərbaycan necə ki BMT qətnamələrini öz güc və imkanları hesabına yerinə yetirməklə beynəlxalq hüququn aliliyini təmin etmiş oldu, eləcə də antiterror tədbirləri ilə 10 noyabr Bəyanatında əksini tapmış müddəaların, ələlxüsus Azərbaycan ərazisindəki erməni ordu hissələrinin və qanunsuz erməni silahlı dəstələrinin çıxarılması və zərərsizləşdirilməsi ilə bağlı addımları məhz məcburetmə tədbirləri ilə realizə etdi:

"Bu gün Ermənistan 10 noyabr Bəyanatı ilə üzərinə götürdüyü daha bir öhdəliyi icra etməməkdə israrlı davranır. Belə ki, Bəyanatda ifadə olunduğu kimi, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən kommunikasiya xətlərinin çəkilməsi və həmin xətlər üzrə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin təhlükəsizlik qarantoru kimi çıxış etməsi barədə razılıq əldə edilməsinə baxmayaraq Ermənistan yenidən adəti üzrə öhdəliklərindən geri çəkilir. Beləliklə, Ermənistanın növbəti dəfə qeyri-konstruktiv davranışları regionda dayanıqlı, davamlı sülh və əməkdaşlıq mühiti üçün maneəyə çevrilməkdədir. Təbii ki, Azərbaycan qalib gələn tərəfdir. Biz əldə edə biləcəyimiz bütün üstünlüklərə hərbi-siyasi yolla artıq sahib olmuşuq. Ermənistan-Azərbaycan şərti sərhədləri boyu bütün strateji yüksəkliklər Azərbaycan Ordusunun nəzarətindədir. Siyasi arenada Azərbaycan Prezidenti aşkar və dəyişilməz reallıq formalaşdıraraq üstünlüyü ələ alıb.Son nəticədə, Ermənistan prosesləri ləngitməklə yalnız özünün "fail state" və "dalana dirənmiş dövlət" statusunu daha da dərinləşdirməkdə və dövlətçiliyinin fiaskosuna doğru irəliləməkdədir. 
Bilirsiniz ki, Azərbaycanın kifayət qədər ciddi alternativləri var, elə bu il İranla Azərbaycan arasında imzalanmış müqaviləyə əsasən, qısa zaman kəsiyində Azərbaycanı Naxçıvanla, bütövlükdə Türk dünyasını, Orta Asiyanı Türkiyə ilə birləşdirəcək yolun tikintisi istiqamətində ciddi addımlar atılmaqdadır və bu prosesdə də Ermənistan özü 30 il sonra açılmış imkanlardan faydalanmayaraq növbəti dəfə regional layihələrdən kənarda qalmış oldu.
10 noyabr Bəyanatının 3-cü ildönümündə artıq Ermənistanın təslimçi və məğlub mövqeyi yalnız üçtərəfli Bəyanatın şərtləri ilə ehtiva olunmur. Bu gün Azərbaycan və Ermənistan arasında getdikcə dərinləşən hərbi, siyasi, iqtisadi fərqlər, həmçinin Azərbaycanın Müzəffər Ali Baş Komandanının Xankəndidən Ermənistana, o cümlədən onun havadarlarına və bütövlükdə dünyaya səslənişi artıq Azərbaycanın bu bölgənin əzəli-əbədi söz sahibi kimi dayanıqlı bir situasiya yaratdığını və bu reallığı heç bir qüvvənin dəyişə bilməyəcəyini göstərməkdədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31