Zəfər Qələbəsi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir- ÖZƏL
7 Noyabr 2023 10:25 Siyasət"Azərbaycanın öz ərazisi üzərində tam suverenliyini bərpa etməsinə imkan verməmək, 2020-ci ilin nəticələri ilə məhdudlaşmağa məcbur etmək cəhdləri oldu. Amma fəaliyyəti boyunca "nəyi, nə zaman və necə etməyin" ən yaxşı nümunələrini göstərən Müzəffər Ali Baş Komandan İlham Əliyev bu tarixi missiyanı öz məntiqi sonluğuna çatdırdı". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Malik Həsənov deyib: "Bu ilin 19 sentyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam təmin edildi. Separatçılardan təmizlənən torpaqlarımıza səfər edən dövlət başçısı İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaltmaqla xalqımıza növbəti Zəfər sevincini yaşatdı. Müstəqillikdən sonra ilk dəfədir ki, bütöv, vahid Azərbaycanda yaşayırıq. Bu, Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Bayrağını Xankəndidə ucaltdıqdan sonra xalqa müraciətində keçirdiyi xoşbəxtlik hissini belə ifadə etdi ki, mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"