Üçrəngli bayrağımız işğaldan azad edilmiş ərazilərimizdə qürurla, Zəfər coşqusu ilə dalğalanır - ÖZƏL
6 Noyabr 2023 12:03 SiyasətAzərbaycan tarixi zəfərinin üçüncü ildönümünü yaşayır. Üç il əvvəl qazandığımız tarixi qələbə xalqımızın qürurunu özünə qaytardı, onun əyilmiş qamətini dikəltdi. "OLAYLAR"-ın xəbərinə görə, həmin tarixi günlərə nəzər salan YAP üzvü Gündüz Atakişiyev deyib ki, xalqımızın qürur mənbəyi olan üçrəngli bayrağımız əbədi olaraq Zəfər əzəməti ilə bütöv Azərbaycanımızda dalğalanacaq:
"Ulu Öndər Heydər Əliyev Dövlət bayrağımız haqqında danışarkən qeyd edirdi ki, kim Azərbaycanı sevirsə, Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, işğal olunmuş torpaqlarımızın azad olunmasını, ərazi bütövlüyümüzün təmin olunmasını istəyirsə, o, bu bayraq altında birləşməlidir. Ulu Öndərin bu fikirləri hər bir vətəndaş qarşısında böyük vəzifələr müəyyənləşdirmiş oldu".
Hakim partiya rəsmisi deyib ki, Azərbaycan xalqı üçrəngli bayaraq altında birləşdi və öz torpaqlarını işğaldan azad etdi:
"Artıq üçrəngli bayrağımız işğaldan azad edilmiş ərazilərimizdə qürurla, Zəfər coşqusu ilə dalğalanır. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev hər zaman qeyd edir ki, bizim bayrağımız qürur mənbəyimizdir. Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir".