Zəngəzur dəhlizinin açılması Türk dövlətləri ilə tranzit əlaqələrinin inkişafına şərait yaradacaq - ÖZƏL
6 Noyabr 2023 11:12 Siyasət"Azərbaycan Сənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı və tarixi Zəfərlə başa çatdırdığı II Qarabağ savaşının mühüm nəticəsi olaraq Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratdı". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynovanın sözlərinə görə, Cənubi Qafqazda yeni reallıqların yaranması Mərkəzi Asiya ilə əməkdaşlığın formatına da öz təsirini göstərib: "Zəngəzur dəhlizinin açılması Türk dövlətləri ilə tranzit əlaqələrinin inkişafına şərait yaradacaq, nəqliyyat sahəsində yeni layihələrin həyata keçirilməsinə imkan verəcək. Həmçinin onu da deməliyik ki, Türk Dövlətləri Təşkilatı təkcə siyasi-mədəni deyil, həm də yaxın gələcəkdə türk dövlətlərinin hərbi ittifaqının qurulmasının da əsasını qoyub. Bu reallıqlar eynilə ölkəmizin və regionun qarşısında yeni inkişaf perspektivləri açdığı kimi, Türk dünyasının da birliyinin möhkəmlənməsinə, gücünün artmasına böyük töhfələr verəcək. Bu baxımdan Prezident İlham Əliyevin cari ilin 3 noyabr tarixində Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının "Türk Əsri" çağırışı altında 10-cu yubiley Zirvə görüşündə iştirakı böyük əhəmiyyət kəsb edən önəmli hadisədir".