Ərazilərimizin minadan təmizlənməsinə təxminən 1,5 milyard manatdan çox vəsait lazım olacaq - Komitə sədri
4 Noyabr 2023 12:10 SiyasətƏgər beynəlxalq təşkilatlar Azərbaycana kömək etməsə, biz ərazilərimizin minadan təmizlənməsinə təxminən 1,5 milyard manatdan çox vəsait lazım olacaq. BMT-nin hesablamalarına görə, 1 minanın zərərsizləşdirilməsi 300-1500 dollara baş gəlir. Bu, minanın yerləşmə yerindən, mürəkkəbləyindən və s. ibarətdir. Təmizləmə prosesi özü ciddi məsələdir.
Olaylar.az xəbər verir ki, bunu Milli Məclisdə "Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri" mövzusunda ictimai dinləmədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
O qeyd edib ki, hesablamalara görə, ərazilərimizin minadan çirkənləməsi ÜDM-in bir il ərzində azı 1 milyard manata yaxın itki ilə üzləşməsi deməkdir. "Hətta sülh müqaviləsi imzalasaq da, hər bir minanın partlaması cəmiyyət daxilində sosial və eyni zamanda mənəvi problemlər yaradır. Bu, fəlakət və faciədir. Ermənistan mina xəritələrinin Azərbaycana verilməsini təmin etməlidir", - deyə komitə sədri bildirib.
T.Mirkişili qeyd edib ki, beynəlxalq təşkilatlar bu istiqamətdə Azərbaycana yardım etməlidir. "Burada BMT-nin nümayəndəsi də çıxış etdi. Bizim bu faciələrlə üzləşməyimizin ən böyük günahkarlarından biri də beynəlxalq təşkilatlardır. Onlar vaxtında işğalçı Ermənistanı pisləsəydilər burada bu məsələni müzakirə etməzdik. Bunun qabağını almayıblar, bizə kömək etməyiblər. Öz gücümüz hesabına torpaqlarımızı işğaldan azad etmişiksə, heç olmasa bundan sonra problemin həlli üçün bizə yardım etsinlər", - deyə o əlavə edib.