Türk dövlətləri arasında əlaqələr daha da genişlənəcək- ÖZƏL

Noyabrın 3-də Astanada keçirilən Türk Dövlətləri Təşkilatının "Türk Əsri" çağırışı altında 10-cu yubiley Zirvə görüşü türkdilli dövlətlər arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır". Olaylar xəbər verir ki, bunu deyən millət vəkili Malik Həsənovun sözlərinə görə, dövlət başçısı İlham Əliyev quruma üzv və müşahidəçi dövlətlər arasında əlaqələrin inkişafında mühüm rol oynayan qarşılıqlı səfərlərə diqqəti yönəldərək bu statistik rəqəmi açıqladı ki, son iki ildə bu ölkələrə 20 səfər edib. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər: "Təbii ki, hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcı kimi dəyərləndirilir. Günün aktual məsələləri ətrafında aparılan müzakirələr fonunda ümumi mövqenin ortaya qoyulması, müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması əməkdaşlığın möhkəmləndirilməsində öz sözünü deyir. Cənab İlham Əliyevin Qazaxıstana səfəri son iki ildə sayca üçüncü səfəridir."
Millət vəkili Yubiley Zirvə görüşünün mövzusunun özündə bütün məqamları, gələcəyimizlə bağlı çağırışları ehtiva etdiyini diqqətə çatdırıb: "Cənab İlham Əliyev tədbirdəki çıxışında bu məqamı təəssüf hisi ilə vurğuladı ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır. Belə vəziyyətdə ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Bunun üçün üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır."
"Hər bir Zirvə görüşü dünənə baxış əsasında qarşıdakı dövrün prioritetlərinin müəyyənləşdirilməsində əhəmiyyətli rolu ilə tarixə yazılır" söyləyən Malik Həsənov bildirib ki, keçilən yol Türk Dövlətləri Təşkilatının gələcəyi ilə bağlı böyük əminliyin ifadə edilməsinə əsas verir: "Qurum təkcə üzv dövlətlərdə deyil, dünyada yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsinə yönələn siyasət həyata keçirir. Cənab İlham Əliyev ötən il Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə belə bir çağırışı səsləndirmişdir ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31