Türk Dövlətləri arasında təhlükəsizlik sahəsində də mühüm addımların atılmasına ehtiyac var - ÖZƏL
3 Noyabr 2023 13:56 Siyasət"Türk Dövlətləri Təşkilatı artıq qlobal güc mərkəzinə çevrilmə istiqamətində sürətlə irəliləyən bir təşkilata çevrilib. Sovet İttifaqının dağılması ilə müstəqillik əldə etmiş türk respublikaları arasında əlaqələr 1992-ci ildən etibarən Türkdilli Ölkələrin Zirvə Toplantısı, Türk Dünyasının YUNESKO-su hesab edilən TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Türk Dünyası İdman Oyunları, "Türkvision", Türk Dünyası Paytaxtı kimi ölkələrarası tədbirlər çərçivəsində inkişaf etməyə davam edib".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə Astana keçirilən Türk Dövlətləri Təşkilatının sammiti barədə danışarkən səsləndirib. Politoloq deyib ki, türk dövlətləri arasında əməkdaşlığın ən mühüm dönüş nöqtəsi 2021-ci ildə İstanbulda keçirilən ölkə başçılarının Zirvə Görüşü olub:
"Bu toplantıda türkdilli ölkələrin birliyi və bütövlüyü üçün, eləcə də türk dünyasının gələcək istiqamətini müəyyənləşdirən önəmli qərarlar qəbul edildi. İlkin olaraq, Türk Şurası Türk Dövlətləri Təşkilatı adlandırıldı və tamhüquqlu beynəlxalq təşkilata çevrildi. İkincisi, təşkilata Türkmənistanın da cəlb olunması ilə bütün Türk dünyasını birləşdirmək mümkün oldu. Üçüncüsü, Zirvə Görüşünün iştirakçıları türkdilli ölkələrin inteqrasiya səylərini dəstəkləyən və əməkdaşlığın uzunmüddətli məqsədlərini müəyyənləşdirən "Türk dünyasına baxış - 2040" sənədini qəbul etdilər".
Astana sammitinə də diqqət çəkən Yusif Bağırzadə deyib ki, Türk Dövlətləri Təşkilatının "Türk Əsri" çağırışı altında keçirilən 10-cu yubiley Zirvə Görüşündə iqtisadiyyat, ticarət, nəqliyyat və gömrük kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə mövzusu olub və birgə layihələrin təsdiqlənəcəyi planlaşdırılır:
"Əslində zirvə görüşü həm də üzv dövlətlər və müşahidəçilər arasında çoxtərəfli əməkdaşlığın əsas aspektlərini nəzərdən keçirməyə, eləcə də regionda və onun hüdudlarında baş verən siyasi və iqtisadi hadisələr barədə fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaradır".
Yusif Bağırzadə dövlət başçısının sammitdə çıxışına diqqıət çəkərək deyib ki, Prezident İlham Əliyevin bu gün Astana sammitindəki çıxışında da dediyi kimi Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub:
"Türk İnvenstisiya fondu ilə yanaşı ölkələr arasında birgə sərmayə fondlarının yaradılması istiqamətində də mühüm addımlar atıb. Keçən dövr ərzində Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu təsis olunub. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2023-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artıb.
TDT daxilində icra olunan layihələrdən əlavə, türk dövlətləri Asiyadan Avropaya Rusiyadankənar ərazilərlə ticarət daşımalarının ən optimal marşrutu olan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi - Orta dəhliz layihəsində də birgə çalışırlar. Bu layihə malların Qırğızıstan, Özbəkistan, Qazaxıstan və Azərbaycandan keçməklə Türkiyədən Avropaya daşınmasını nəzərdə tutur. Hazırda bütün dünyanın diqqəti bu dəhlizin funksionallığının artırılmasında, daşımaların ən qısa müddət və aşağı qiymətlə həyata keçirilməsinin təmin olunmasına yönəlib. Ötən ilin aprelindən etibarən dünyanın aparıcı yükdaşıma şirkətləri bu dəhlizlə yüklərin daşınmasına başlayıblar və artıq getdikcə daha irihəcmli yüklər Orta dəhlizə yönəldilir.
Beləliklə, Asiyadan Avropaya uzanan ticarət yollarının üzərində yerləşən türk dövlətləri üçün tarixi bir fürsət formalaşıb. Baş verənlər göstərir ki, onlar bu fürsətdən birlik və əməkdaşlığı daha da gücləndirmək üçün də istifadə etməyə çalışırlar. Bu çalışmalar fonunda Astana zirvəsində qarşılıqlı əməkdaşlığın daha da dərinləşməsini nəzərdə tutan sənədlərin imzalanacağı şübhəsizdir.
Şübhəsiz ki, bu günki sammitdə əsas müzakirələrə həm də "Türk Dünyası vizyonu - 2040"da göstərildiyi kimi malların maneəsiz daşınmasının təşviqi daxildir. Bundan əlavə, sammitdə artmaqda olan iqlim dəyişikliyi fonunda aktual problem olan fövqəladə hallara birgə cavab vermək üçün normativ-hüquqi baza da daxil olmaqla TDT çərçivəsində mülki müdafiə mexanizminin yaradılması məsələsinə də baxılacaq".
Sonda politoloq onu da deyib ki, Türk Dövlətləri arasında siyasi, mədəni, iqtisadi və digər sahələrin inkişafı ilə yanaşı təhlükəsizlik sahəsində də mühüm addımların atılmasına ehtiyac var:
"Çünki, təəssüflə qeyd etmək lazımdır ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır. Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Elə Prezident İlham Əliyev də Zirvə görüşündəki bu günki çıxışında bu məqama toxunaraq üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlığın daha da artırılması istiqamətində səylərn artırılmasının vacibliyinə toxundu".