Azərbaycan xalqı İkinci Dünya Müharibəsindən sonra tarixdə mövcud olmayan bir hadisəni reallaşdırmış oldu - ÖZƏL

"Azərbaycan uzun onilliklər ərzində torpaqlarının işğal altında saxlanılması və bölgədə Ermənistanın hakim mövqeyinin qorunub saxlanılmasına xidmət edən aqressiv siyasətin məhv edilməsi, torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyü və dövlət suverenliyimizin təmin edilməsi gününə - Zəfər bayramına hazırlaşır".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Anar Əliyev deyib.
"8 noyabr tarixində Şuşanın azad olunduğu gün, həm də Azərbaycanın 270 illik tarixinin ən möhtəşəm qələbələrindən biri, itirilmiş torpaqlarımızın geri qaytarılması kimi qeyd olunur. Azərbaycanın üzləşdiyi işğalçılıq siyasətinin birdəfəlik kökünün kəsilməsi, Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılmasına xidmət edən "Böyük Ermənistan" kimi xülyaların darmadağın edilməsini özündə birləşdirən möhtəşəm bir tarixdir. Bu günün Azərbaycanın tarixində Zəfər Günü kimi qeyd olunması, 3 dekabr 2020-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı "Azərbaycanın Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən keçirilir. Mən hesab edirəm ki, Şuşanın işğaldan azad olunmasını Azərbaycanın işğalçılar, erməni terrorçuları və faşistləri üzərində möhtəşəm qələbəni xarakterizə edən Zəfər Günümüz həm də Azərbaycan dövləti üçün, Azərbaycan xalqı üçün bir dönüş nöqtəsidir. Həmin tarix Azərbaycanın yeni bir mərhələyə qədəm qoymasının əsasının qoyulduğu, başlanğıc nöqtəsi kimi qiymətləndirdiyimiz proseslərlə yekunlaşdı və hesab edirəm ki, ərazi bütövlüyümüzün bərpa olunması, dövlət suverenliyimizin təmini və güclü, qalib dövlətin simvoluna çevrilən Zəfər Günü Azərbaycan xalqının hər bir nümayəndəsinin şərəflə, yüzillərlə qeyd edəcəyi bir gündür, tarixdir. Unutmayaq ki, 8 noyabr çox qanlı-qadalı, çox uzun məhrumiyyətlərlə müşayiət olunan illər üzərində əldə olunmuş, çox ağır zəhmətin, gecə-gündüz dincəlmədən, yorulmadan həyata keçirilən uğurlu ardıcıl işlərin nəticəsində əldə olunmuş bir möhtəşəm qələbədir. Bu qələbədə Azərbaycan ordusu, Azərbaycan əsgəri, zabiti hansı müstəsna rola sahibdirsə, bütövlükdə Azərbaycan xalqı və hakimiyyəti arasındakı sarsılmaz birlik o qədər mühüm rola, əhəmiyyətə sahibdir. Eyni zamanda, biz tarixdə kifayət qədər misallar gətirə bilərik ki, güclü ordu, döyüşkən xalq məhz zəif, uğursuz sərkərdənin rəhbərliyi altında məğlubiyyətə düçar olub. Tamamilə əksinə, zəif, azsaylı ordular, özündən böyük güclər, ordular qarşısında ağıllı, güclü sərkərdənin strategiyası altında böyük qələbələr əldə edib və əslində 44 günlük Vətən Müharibəsi ilə taclandırılan Zəfər Günündə Azərbaycan xalqı həm də Müzəffər Ali Baş Komandamızın, uzaqgörən, ağıllı, geniş düşüncəyə sahib strategimiz cənab İlham Əliyevin rəhbərliyi altında yalnız Qarabağdakı separatçılara və zəif Ermənistana qarşı qələbə əldə etməyib. Həm də, yüz illərə dayanan böyük güclərin, imperiyaların Cənubi Qafqazla bağlı neoimperialist iddialarının məğlub edilməsidir. Bu mənada, Azərbaycan xalqı öz lideri, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə, böyük və geriyə dönüşü olmadığı hesab edilən proseslərə geri dönüş yaşatmış oldu. Böyük güclərin beyin mərkəzlərində hesablana, düşünülə bilməyəcək nəticələr ortaya qoymuş oldu və bununla da Azərbaycan xalqı onun iradəsinə təsir edə biləcək ikinci bir qüvvənin, tərəfin mövcud olmadığını sübut etdi. Azərbaycan xalqı həm də bununla liderinin mövqeyinin xalqımızın hər bir nümayəndəsi tərəfindən birmənalı və sözsüz qəbul edildiyini, onun hər bir yanaşmasının Azərbaycan xalqı tərəfindən alqışla qarşılandığını nümayiş etdirmiş oldu. Hesab edirəm ki, Azərbaycan xalqı mövcud olduqca, Zəfər Günümüz də əbədi olacaqdır. Azərbaycanın şərəfli, müqəddəs üçrəngli bayrağı Qarabağ səmasında əbədi dalğalanacaqdır və bu proses yüz illərlə Azərbaycan xalqının tarixi yaddaşında əbədi iz buraxacaqdır. Çünki Azərbaycan xalqı İkinci Dünya Müharibəsindən sonra demək olar ki, tarixdə mövcud olmayan bir hadisəni reallaşdırmış oldu. İkinci Dünya Müharibəsindən sonra Azərbaycan istisna olmaqla, hələ ikinci bir dövlət mövcud deyil ki, itirdiyi torpaqlarını geri qaytara bilsin. Bu müstəsna hadisəni məhz Azərbaycan xalqı, Azərbaycan oğulları, Vətən, şərəf, ləyaqət uğrunda ölümün gözünə dik baxaraq döyüşməyə hazır olduğunu nümayiş etdirən Azərbaycan əsgəri və onun Ali Baş Komandanı cənab İlham Əliyev həyata keçirə bildi.
Bizə belə bir şərəfli anları, belə ləyaqəti, tarixi zəfəri yaşadığına görə şəhidlərimizin ruhu qarşısında hər birimiz bir azərbaycanlı olaraq baş əyirik. Qazilərimiz, hər bir əsgərimiz, zabitimizə minnətdarlığımızı ifadə edirik. Eyni zamanda, bizi qələbədən qələbəyə aparan və bundan sonra da əbədi olaraq qələbələrə doğru inkişafımızı, gücümüzü təmin edən Prezident İlham Əliyevə borcumuz sonsuz, əbədidir deyirik. Hesab edirəm ki, bu qələbəmiz Azərbaycanı yeni bir inkişaf mərhələsinə çıxardığı kimi bundan sonra həm də qələbələrimizin davamlılığını və əbədiliyini təmin etmiş olduq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31