Azərbaycan xalqı öz ərazi bütövlüyünü bərpa etdi, ona olan təhdidləri aradan qaldırdı - ÖZƏL
2 Noyabr 2023 15:00 Siyasət"Tarixi anlar yaşayırıq, artıq şanlı qələbəmizdən bizi 3 ilə yaxın bir müddət ayırır".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Biz 3 il bundan əvvəl Azərbaycan tarixinin ən möhtəşəm hadisələrinin şahidi olduq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də can sağlığı versin ki, onlar Ali Baş Komandanın əmri, Azərbaycan xalqının dəstəyi ilə möhtəşəm bir qalibiyyətə imza atdılar. Biz 30 ilə yaxın bir müddətdə düşmən tapdağı və işğalında olan Şuşanı və o cümlədən digər kənd, qəsəbə, şəhər və rayonlarımızı azad etdik. Bu təkcə torpaqlarımızın işğaldan azad olunması məsələsi deyildi. Bu həm də, Azərbaycan xalqının bir qürur, şərəf, namus məsələsi idi. Biz namusumuza təcavüz edən, torpağımızı işğal, bizi başıaşağı edən erməniləri cəzalandırdıq, o torpaqlara qayıtdıq. O torpaqların əsl sahibləri geri dönüblər. İndi orada insan nəfəsi ilə və bizim xalqımızın fəaliyyəti ilə ərazilər artıq abadlaşır, inkişaf edir, çiçəklənir. Eyni zamanda, dünyada bizim başımız o mənada aşağı idi ki, torpaqlarımız işğal altında idi. Biz dünya dövlətləri və xalqları arasında öz qətiyyətimizlə, əzmimizlə alnımız açıq, başımız dikdir.
3 il bundan əvvəl baş verən hadisədən sonra Xankəndi və ətraf ərazilərdə qalan separatçı tör-töküntüsünü də biz bir neçə həftə əvvəl 23 saatdan bir qədər artıq bir müddətdə həll etdik. Beləliklə, Azərbaycan xalqı öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdi, ona olan təhdidləri aradan qaldırdı və yüz illik erməni planlarını, terrorizmini darmadağın etdi. Bu Azərbaycan xalqının möhtəşəm qələbəsinin nəticəsidir".