Bizim şanlı qələbəmiz əraziləri işğal altında olan bütün dövlətlər üçün stimul olacaq - ÖZƏL

"Şuşanın işğaldan azad edilməsi, 44 günlük Vətən müharibəsi Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılan bir hadisədir".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
"Əlbəttə, bu tarixin bir çox özəllikləri var. Onlardan birincisi odur ki, Azərbaycan öz əyilmiş qamətini dirçəltdi, Azərbaycan xalqı, dövləti, Silahlı Qüvvələri özünü dünyada təsdiq etdi və Azərbaycan lideri İlham Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı olaraq, ən birinci işi məhz bu sahədə bütün imkanlarını və potensialını ortaya qoymaqla Azərbaycanı beynəlxalq arenada, dünyanın müxtəlif siyasi güc mərkəzləri qarşısında həqiqətən də güclü bir dövlətə çevirdi. Bu xüsusilə önəmlidir. Əlbəttə ki, bu Zəfər Günü bizim tariximizə əbədi olaraq yazıldı və bu qələbəni bizim şanlı tariximizdən heç vaxt, heç bir formada silmək mümkün deyil. Mən düşünürəm ki, təkcə Şuşanın deyil, elə sonuncu dəfə oktyabrın 15-i Xankəndində bayrağımızın dalğalandırılması, həm də Azərbaycanın suveren bir ölkə olaraq, öz ərazi bütövlüyünü təmin etmiş bir ölkə olaraq öz sözünü beynəlxalq arenada həm siyasi, həm hərbi sahədə deməsinin bariz nəticəsi kimi ortaya çıxdı. Hesab edirəm ki, bu proses bundan sonra da davam edəcək. Yəni, Azərbaycan ərazi bütövlüyünü hər zaman uğurlu şəkildə qoruyub və bundan sonra da qoruyacaq. Azərbaycan prezidenti xalqa verdiyi sözü, hansı ki, 2003-cü il prezident seçkilərindən sonra andiçmə zamanı verdiyi sözü yerinə yetirdi və ərazi bütövlüyümüzü təmin etdi, həm də hər bir vətəndaşın tapdalanmış, pozulmuş ruhunu bərpa etdi. Çünki bizim bir milyondan çox məcburi köçkünümüz öz doğma yurd-yuvalarından zorla çıxarılmış, köçürülmüş, qovulmuşdu və onların hüquqları heç bir formada bərpa olunmurdu.
Azərbaycan BMT qətnamələrini özü icra elədi, öz haqqını özü bərpa elədi, həm də böyük bir güc qazandı. Mən hesab edirəm ki, bunlar hamısı çox önəmli amillərdən biri sayılır və hər halda bizim bu Zəfər Günümüz, şanlı qələbəmiz təkcə bizim üçün deyil, eyni zamanda, bütün türk dünyası üçün və bütün əraziləri işğal altında olan dövlətlər üçün bir örnək, nümunə, stimul olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31