Antiterror əməliyyatı da əhəmiyyəti baxımından 44 günlük müharibədən geri qalmır - ÖZƏL
2 Noyabr 2023 13:52 Siyasət"Azərbaycan torpaqlarının 27 ildən çox bir müddətdən sonra Ermənistanın işğalından azad edilməsi çağdaş Azərbaycan tarixinin ən əlamətdar hadisəsidir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Dövlət müstəqilliymizi 1991-ci ildə bərpa etdikdən sonra biz həqiqətən də uzun illər ərzində çox ciddi problemlə qarşı-qarşıya qalmışdıq. İşğalçı Ermənistan ərazisindəki azərbaycanlıları büsbütün oradan qovub, çıxarmaqla qalmamış, ardınca da Azərbaycan torpaqlarına hücum edərək, onun bir hissəsini işğal etmişdi. Qarabağ və ətraf rayonlar deyə ifadədən istifadə edirdik ki, bu da sözü gedən torpaqlar idi. Əlbəttə ki, hadisənin özünün mürəkkəbliyi, beynəlxalq qurumların Azərbaycana ikili yanaşması, ümumiyyətlə Azərbaycanın haqq səsinin eşidilməməsi, bütün bunlar bəzən insanda ümidsizlik yaradırdı. Düşünürdük ki, bu gedişlə biz o torpaqları işğaldan azad edə biləcəyikmi? Yenidən ora qayıdıb, həyat qura biləcəyikmi? Bu suallar əlbəttə ki, hər bir azərbaycanlını narahat edirdi. O cümlədən də, Ali Baş Komandan Prezident İlham Əliyevi də. Biz belə düşünərkən, İlham Əliyev ötən dövrü boşa xərcləmədi, ciddi bir şəkildə Azərbaycan dövlətinin qüdrətini artırdı. Özəlliklə də güclü ordu quruculuğuna diqqət ayırdı, iqtisadiyyatı inkişaf etdirdi, möhkəmləndirdi. Əlavə olaraq da, beynəlxalq platformalarda Azərbaycanın sözünü deyə bilməsi üçün yeni şəraitin yaradılmasına nail oldu. Bu faktorları əldə rəhbər tutaraq Azərbaycan xalqı öz dövləti ilə əl-ələ verib, Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalından azad etdi. Bu əlbəttə böyük hadisədir. Qeyd etdiyim kimi, müasir Azərbaycan tarixinin ən böyük hadisəsidir və əlbəttə ki, Şuşada yenidən Azərbaycan bayrağının dalğalanması, o torpaqların yenidən canlandırılması, dirçəldilməsi əlamətdar hadisələrdir. Bunun davamı olaraq da, bu ilin sentyabr ayında, 19-20 sentyabr günlərində Qarabağda qalmış bölücü tör-töküntüləri təmizləmək üçün lokal antiterror əməliyyatı keçirildi. Əslinə qalanda, bu birgünlük antiterror əməliyyatı da əhəmiyyəti baxımından heç də Şuşanın azad edilməsi ilə başa çatmış 44 günlük müharibənin əhəmiyyətindən az deyil. Yəni, Xankəndi başda olmaqla, o torpaqlardakı bütün bölücülərin sıxışdırıb çıxarılması, təmizlənməsi əlbəttə ki, çox böyük tarixi hadisədir və bunu da yenə də Prezident İlham Əliyev bacardı. Əlbəttə, qürurluyuq, sevincliyik. Dövlətimizin bu qüdrəti bir vətəndaş olaraq bizim hər birimizi sevindirir".