Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan - Zəfər Günü

"Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi".

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Zəfər Günü xalqımızın tarixinin ən fəxarətli günüdür. Bu böyük qələbə bizi dünyaya qalib xalq kimi tanıtdı, Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdi. Hər bir azərbaycanlının qəlbində yüksək qürur hissləri yaradan Şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu. 8 noyabr Qarabağa qovuşduğumuz tarixi gündür. Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür!

Azərbaycan Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Ordumuzun misilsiz qəhrəmanlığı nəticəsində Azərbaycan xalqı 30 ildir həsrətində olduğu doğma Qarabağımızı işğaldan azad etdi, Vətənimizin ərazi bütövlüyü bərpa olundu, müstəqil Azərbaycan əzəli düşməni olan işğalçı Ermənistan üzərində qətiyyətli tarixi qələbə qazandı, onilliklər boyunca Vətən torpağında həlak olan şəhidlərimizin, etnik zəmində xüsusi qəddarlıqla qətlə yetirilən dinc azərbaycanlıların, amansız işgəncələrə məruz qalan günahsız insanlarımızın, körpələrin, qadınların, uşaqların, ahılların doğma yurd-yuvasından didərgin salınmış soydaşlarımızın qisası bu faciələri törədən erməni qatillərindən və onların cinayətkar-faşist dövlətindən alındı.

Vətən müharibəsində əldə edilmiş qələbə Azərbaycanı dünya dövlətləri arasında ucaltdı, zirvələrə qaldırdı. 30 il əvvəl itirilmiş ərazi bütövlüyümüz yenidən bərpa olundu, xalqımızın milli mənəviyyatı dirçəldi, vətən həsrətimizə son qoyuldu. Tariximizin acı məqamı olan ərazilərimizin işğal tarixləri artıq şərəflə yadelli əsarətindən torpaqlarımızın azad olunma tarixi kimi yaddaşımıza həkk olundu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum edilmiş Azərbaycan xalqının milli mənliyini, mənəvi ruhunu və siyasi gücünü özünə qaytardı, tarixi ədaləti bərpa etdi.

Ali Baş Komandan İlham Əliyev Xalq-İqtidar-Ordu birliyinin nəticəsi olan "dəmir yumruğ"u ilə işğalçı Ermənistanın belini qırdı, terror dövləti olan bu kriminal rejimin başını əzdi, ümumilikdə "dünya erməniçiliyi" mifini puç etdi, ermənilərin əsl xislətini, həyasız yalanlarını, faşist simasını əsaslı sübutlar və konkret faktlarla bütün dünya ictimaiyyətinə nümayiş etdirdi.

Hər bir azərbaycanlının qəlbində yüksək qürur hissləri yaradan Şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu və Liderinin ətrafında dəmir yumruq kimi birləşərək işğalçını əzəli torpaqlarımızdan "iti qovan kimi qovdu".

Eyni zamanda Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının etimadını əməli fəaliyyəti və şanlı zəfəri ilə hər zamankı kimi doğrultdu. Öz qətiyyəti, sarsılmaz iradəsi, cəsarəti ilə Azərbaycana edilən bütün təzyiqlərə məharətlə sinə gərdi və son dərəcə mürəkkəb geosiyasi şəraitdə hərb meydanında, siyasət arenasında, informasiya müharibəsində parlaq qələbələr qazanaraq xalqımıza söz verdiyi kimi sona qədər getdi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi və Vətən torpağı uğrunda şəhid olan bütün oğul-qızlarımızın qisasını aldı.

Azərbaycan Ordusunun Ali Baş Komandanı, Prezident İlham Əliyevin göstərişlərinə uyğun olaraq, düşmənin heç bir mülki obyekti hədəfə alınmadı. Gəncəni, Tərtəri, Bərdəni, Goranboyu, Mingəçeviri, Naftalanı və cəbhə xəttindən xeyli uzaq digər yaşayış məntəqələrimizi ağır artilleriya atəşinə tutan düşməndən fərqli olaraq eyni cür davranmadı.

Bütün bu uğurlu əməliyyatlar Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlər fonunda həyata keçirildi. Möhtərəm Prezidentimiz bu siyasi təzyiqlərə peşəkarlıqla, məharətli və vaxtında atılan diplomatik addımları ilə duruş gətirdi, bütün bu təzyiqləri neytrallaşdırdı. Cənab İlham Əliyev xarici televiziyalara verdiyi çoxsaylı müsahibələrində Azərbaycanın milli maraqlarının qətiyyətlə müdafiəsindən bir addım belə olsun geri durmadı, dünyada mövcud olan ikili standartları, riyakarlığı elə bu siyasəti icra edən ölkələrin televiziyalarına müsahibəsində ifşa etdi.

Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" - deyən Ümummilli Liderin Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi vəsiyyətini gerçəkləşdirdi. Şuşanın alınması münasibətilə xalqımızı təbrik edən Ali Baş Komandanın dediyi: "...Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!" fikri cənab İlham Əliyevin həm də atasının vəsiyyətini yerinə yetirmiş övlad olduğunu dünyaya göstərdi.

Şanlı Vətən Müharibəsində qazandığımız bu tarixi qələbədə əlbəttə ki, Azərbaycan Ordusunun, Silahlı Qüvvələrimizin əsgər və zabitlərinin misilsiz rolu danılmazdır.  Azərbaycan Ordusunun Ali Baş Komandanı, Prezident İlham Əliyev demişdir: "...Bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir".

Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu yüksək peşəkarlıq, məharət və cəsurluq nümayiş etdirərək müasir hərb tariximizin ən şanlı qələbələrini qazandı və XXI əsrin yeni müharibə modelini bütün dünyaya təqdim etdi.

Düşmənin üzərində hərbi və psixoloji üstünlü qazanan Rəşadətli Ordumuz qısa müddətdə qarşısına qoyulmuş vəzifələri şərəflə yerinə yetirərək, mühüm yüksəklikləri və yaşayış məntəqələrini günbəgün düşməndən təmizləyir, döyüşdə tam üstünlüyü ələ alır və Ermənistanın illərdir yaratdığı "məğlubedilməzlik kompleksi" mifini darmadağın edirdi. Artıq ermənilərin uydurduğu "yaxşı silahlanmış" erməni ordusu, həm də "güclü" erməni diasporu nağılları sona çatdı.

Təcrübələr göstərir ki, döyüş ruhu olmayan orduya uğur qazanmaqda ən müasir silahlar belə kömək etmir. Düşmənə ağır və sarsıdıcı zərbələr endirərkən onun üzərinə şir kimi atılan, ölümün gözünə dik baxan, fikrində yalnız torpaqlarının azadlığı və qələbə olan Rəşadətli Azərbaycan Ordusunun qəhrəman əsgəri Vətən uğrunda Şəhid olmağı özünə şərəf bilirdi. İgid əsgərlərimizin bu qəhrəmanlıqları və şücaəti hər birimizi qürurlandırır.

Bu qədər qısa müddət ərzində yeni əsrin yeni hərb nümunəsini yaradan, mənfur düşmənin illərlə qurduğu, möhkəmləndirdiyi istehkamları, saysız-hesabsız hərbi texnikasını məhv edən və Qarabağı azad edən Azərbaycan Ordusunun bu möhtəşəm hərbi qələbəsi hələ uzun illər hərbi ekspertlər, tarixçilər, siyasətçilər tərəfindən araşdırılacaq, öyrəniləcək və zəfərlə nəticələnən uğurlu müharibə dastanına çevriləcəkdir.

Bu il sentyabr ayının 19-dan başlayaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatdırılması isə Prezident İlham Əliyevin qəti Qələbəsi idi.

Müstəqil Azərbaycan dövlətinin özünün suverenliyini təmin etmək üçün Qarabağda apardığı və uğurla başa çatdırdığı bu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazisi daxilində qanunsuz olaraq yerləşdirilmiş erməni separatçı hərbi birləşmələri tərk-silah edildi, regionun sabitliyi və gələcək inkişafı üçün etibarlı zəmin yaradıldı. Bu tarixi Qələbə Böyük Qayıdış hərəkatının hərbi-siyasi təminatı kimi mühüm əhəmiyyət kəsb edirdi.

İlham Əliyev öz adını milli tariximizə qalib və müzəffər sərkərdə kimi qızıl hərflərlə əbədi həkk edərək, Azərbaycanın ürəyi olan Xankəndini, Qarabağın tacı, göz bəbəyi, mədəniyyət paytaxtı Şuşa şəhərini, eyni zamanda 30 ildir ki, işğal altında olan Xocalı, Xocavənd, Ağdərə, Ağdam, Zəngilan, Qubadlı, Füzuli, Cəbrayıl, Kəlbəcər və Laçın şəhərlərini, neçə-neçə qəsəbələrimizi, kəndlərimizi, strateji yüksəkliklərimizi, tarixi Xudafərin körpüsünü, bir sözlə Azərbaycanın mənfur düşmən tapdağında olan ərazilərini işğaldan azad edən Fateh oldu.

Bu gün mənfur düşməndən təmizlənən torpaqlarımızın hər qarışında məğrurluqla dalğalanan üçrəngli Azərbaycan bayrağı şəhidlərimizin qanı ilə sulanıb. Bu misiyanı yerinə yetirən bütün qəhrəmanlarımızın, şəhidlərimizin, qazilərimizin, ön və arxa cəbhədə fədakarlıqla bu işə töhfə verən Azərbaycan hərbçilərinin, onların valideynlərinin, ailə üzvlərinin, xüsusilə bütün şəhid analarının qarşısında baş əyirik.

Bu qələbə sevincini, Vətən torpağının azadlığını bizə bəxş edən Ali Baş Komandanımıza və Azərbaycan əsgərinə, bu şanlı tarixi qanı, canı ilə yazan şəhidlərimizə borcluyuq. Azərbaycan xalqı bütün şəhidlərimizin hər birinin əziz xatirəsini daim yaşadacaq və uca tutacaqdır.

Bu gün xalqımız döyüş meydanlarında olduğu kimi, quruculuq sahəsində də bir daha öz böyüklüyünü göstərir. İşğalçı vandalların dağıtdığı bütün infrastruktur yenidən bərpa edilir, Qarabağ yenidən Vətənimizin gur inkişaf edən dilbər guşəsinə çevrilir.

Azərbaycanın şanlı bayrağı işğaldan azad edilmiş torpaqlarda əbədi dalğalanacaq! Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, bundan sonra Azərbaycan xalqı qürur hissi ilə müzəffər xalq kimi yaşayacaqdır!

H.Zeynallı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31