Azərbaycan liderindən Ermənistana və ona havadarlıq edənlərə göz dağı

Baxmayaraq ki, sözün həqiqi mənasında bir çox məsələlərdə Azərbaycandan asılıdırlar və enerji təhlükəsizliklərinin təminatı üçün Azərbaycana borcludurlar, ancaq buna rəğmən Qərbdə, Avropada ölkəmizə qarşı qərəzli, ədalətsiz münasibət səngimək bilmir, əksinə zaman ötdükcə bu mənfi tendensiya özünü daha qabarıq şəkildə büruzə verir. Necə ki, 30 illik işğal dövründə həmin dairələr, eləcə də onların guya Qarabağ münaqişəsinin nizamlanması üçün təsis etdikləri ATƏT-in Minsk qrupu vaxt uzatmaq, işğal faktını Azərbaycana qəbul etdirmək və belə demək mümkünsə Qarabağı Azərbaycana unutdurmaq siyasəti həyata keçirirdilər, hətta lazım gələndə Bakıya müxtəlif formalarda təzyiq göstərirdilər, eləcə də 30 illik münaqişəyə son qoyulduqdan sonra da eyni tendensiya, Azərbaycana təzyiq göstərmək siyasəti davam edir. 

44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi zəfərə imza ataraq öz torpaqlarını işğaldan azad etməsi sanki işğalçı Ermənistandan daha çox, elə yuxarıda adıkeçən dairələrə mənfi təsir göstərmiş, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi istiqamətində əldə etdiyi uğur, tarixi qələbə bu günün özündə də həzm edilməsi mümkün olmayan prosesə çevrilmişdi. Əslində həmin dairələrin, bəzi Avropa ölkələrinin fəaliyyətini də başa düşmək olardı. Çünki 30 illik işğal dövründə başda Fransa olmaqla Avropanın bəzi ölkələrinin şirkətləri Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyətlə məşğul olmuş, Qarabağın sərvətlərini talamışdılar. İndi onlar bu gəlir mənbəyindən məhrum olurdular. Ona görə də maksimum dərəcədə regionda vəziyyətin qeyri-müəyyən, münaqişəli zəmin qalmasında maraqlı idilər. Elə "Milli İnkişaf" ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı da bu qənaətdədir. İctimai birlik sədri deyib ki, Birləşmiş Ştatlar, Avropa İttifaqı, Fransa və s qurumlar və ölkələr 30 illik işğal dövründə olduğu kimi, bu mərhələdə də vəziyyətin qeyri-müəyyən qalmasında maraqlı olmuş, bu məqsədlə ATƏT-in Minsk qrupunun reanimasiyasına cəhdlər göstərilmişdi:

"Bir neçə dəfə okeanın o tayından, eləcə də Avropadan, konkret olaraq Fransadan Minsk qrupunun yenidən bərpasınən zəruriliyi barədə irəli sürülən təşəbbüslər belə deməyə əsas verirdi. Burada isə başlıca məqsəd yenidən uzun-uzadı danışıqlar prosesinə start vermək idi.  Yəni, vəziyyəti qeyri-müəyyən formada saxlamaqla prosesi daha on illərlə uzatmaq başlıca hədəf idi. Ancaq hər zaman olduğu kimi bu dəfə Azərbaycan liderinin uğurlu diplomatik gedişi, eyni zamanda qətiyyətli addımları antiAzərbaycan dairələrin, regionda əbədi qalmaq istəyən xarici güclərin niyyətlərini puça çıxardı. Üçtərəfli bəyanatın şərtlərinə əməl etməyərək Qarabağdakı qeyri-qanuni hərbi birləşmələrini tərkisilah etməyən Ermənistan yenə də Azərbaycanı ən pis seçimi etmək zorunda buraxdı. Beləliklə, cəmi 23 saata lokal xarakterli antiterror tədbirləri həyata keçirməklə İrəvanın görəcəyi işi də özü tamamladı".

İctimai birlik sədrinin sözlərinə görə, bəzi xarici dairələr, eləcə də onların daxildəki havadarları düşünürdü ki, Azərbaycan 2020-ci il 8 noyabrda üçtərəfli bəyanatla təsbit edilmiş status-kvonu dəyişməyə cürət etməyəcək və əksər ərazilərlə Şuşanın azad edilməsi maksimal hədd olacaq:

"Onlar bunu belə əsaslandırırdılar ki, beynəlxalq aləm ermənilər yaşayan Azərbaycan ərazisində hər hansı əməliyyat keçirməyə və bu ərazilər üzərində Azərbaycanın nəzarətini bərpa etməyə imkan verməyəcək. Həmin dövrdə əsasən ABŞ və Qərb ölkələrinin tutduğu mövqe, verilən bəyanatlar belə proqnozlar üçün ciddi əsaslar yaratmışdı. Ancaq Azərbaycan dövləti, onun lideri qarşısına qoyduğu məqsədi sona çatdırmaqda israrlı olduğunu bir daha Ermənistana, ona havadarlıq edən ölkələrə nümayiş etdirdi. Bir sözlə Azərbaycan liderindən həm Ermənistana, həm də ona havadarlıq edən dairlərə göz dağı verildi".

Arzuman Muradlının sözlərinə görə, indi tam əminliklə demək olar ki, bu gün bütün həyatını Azərbaycan xalqına həsr etmiş və ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasını ən böyük arzusu olan Ümummilli Lider Heydər Əliyevin ruhu şaddır:

"Çünki ümummilli liderin həyat fəlsəfəsini təşkil edən, əsas prirotet kimi qarşıya qoyduğu ərazi bütövlüyümüzün bərpası baş tutub. İndi Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31