İlham Əliyevin siyasi iradəsi Azərbaycana möhtəşəm Zəfər qazandırdı
3 Noyabr 2023 15:30 SiyasətAzərbaycan xalqı o xoşbəxt xalqlardandır ki, onun üzləşdiyi çətinliklərdən xilas edən lideri var
Heç vaxt başladığı işləri yarımçıq qoymayan və bütün fəaliyyəti boyunca "nəyi, nə zaman və necə" etməyin ən yaxşı nümunələrini göstərən Azərbaycan Prezidenti İlham Əliyevin suverenlik və ərazi bütövlüyü anlayışı heç bir zaman müharibənin nəticələri ilə məhdudlaşmamış, sonrakı 3 il ərzində həyata keçirilən siyasət və görülən bütün işlər prosesin davamı olmuş və 2023-cü il sentyabrın 20-də öz məntiqi sonluğuna çatmışdır. Bütün təzyiqlərə və hədələrə baxmayaraq, Prezident İlham Əliyev uzaqgörənliklə, praqmatik şəkildə, barışmaz prinsipiallıq və qəti iradə nümayiş etdirərək Xankəndində Azərbaycanın dövlət bayrağının asılacağı günü yaxınlaşdırdı. Prezident İlham Əliyev həmişə gələcəyə baxan, onilliklər sonranı düşünən və bütün planlarını strateji məqsədlərə uyğun quran Liderdir. Azərbaycanda vaxtilə həyata keçirilən bir çox iqtisadi layihələr, siyasi arenada atılan bir çox addımlar illər sonra necə tam yeni bir keyfiyyət yaradırdısa, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası kimi mürəkkəb bir məsələnin həlli də ölkənin hərtərəfli inkişafı və Azərbaycanın fəal diplomatiyasından qidalanaraq uzunmüddətli perspektivə hesablanan çoxgedişli siyasi kombinasiyanın reallaşdırılması nəticəsində mümkün ola bilərdi. İlham Əliyevin böyüklüyü, uzaqgörənliyi və siyasi məharətinin qayəsini təşkil edən həqiqət ondan ibarətdir ki, o, böyük ustalıqla qurduğu mürəkkəb sxemin hər bir detalını incəliklə, zərgər dəqiqliyi ilə işlədi, öz xalqına güvənərək, ondan güc alaraq bütün dünyanı haqlı olduğumuza inandırdı, bu məsələdə maneə olan güclərin müqavimətini sındırdı və tarixi ədaləti bərpa etdi. Milli lider xüsusiyyətlərinin və keyfiyyətinin daşıyıcısı olan İlham Əliyev müharibədən sonrakı 3 il ərzində tarixi əhəmiyyət kəsb edən bir proses reallaşdırdı və üzərinə götürdüyü tarixi missiyanı başa çatdırdı.
Millət vəkili, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası komitəsinin üzvü Kamran Bayramov bildirib ki, tarixdən liderlərin ölkələrini və xalqlarını üzləşdikləri fəlakətlərdən, təhlükələrdən, işğaldan, müharibələrdən xilas edib ciddi qələbələrə, uğurlara, inkişafa imza atan xilaskarlıq və quruculuq missiyasını yerinə yetirən liderlər haqqında misallar gətirmək mümkündür. Lakin bunlar elə də çox deyil: "Azərbaycan xalqı da o xoşbəxt xalqlardandır ki, onun üzləşdiyi çətinliklərdən xilas edən lideri var. İyirminci əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycan nəinki bir dövlət kimi məhv olmaq, həmçinin bölgəsinin siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşəndə Ulu öndər Heydər Əliyev bir lider kimi ortaya çıxaraq xalqı və dövləti belə bir təhlükədən xilas etdi. Onun siyasi irsinin layiqli davamçısı cənab Prezident İlham Əliyev isə Ulu öndərin Azərbaycanın inkişaf strategiyasını və ideallarını daha uğurlu şəkildə həyata keçirdi. Nəticədə Azərbaycan son iki yüz ildən artıq tarixdə işğala son verib itiridiyi torpaqları bərpa edə bildi".
Deputat bildirib ki, Azərbaycanın əldə etdiyi bu qələbələr, uğurlar ancaq və ancaq cənab Prezident İlham Əliyevin fenomenal liderliyi, idarəçiliyi və prosesləri əvvəlcədən görüb məqsədyönlü şəkildə təmin etdiyi hazırlıqlar nəticəsində mümkün olub: "Prezident İlham Əliyevin rəhbərliyi dövrü Azərbaycanda bütün sahələrin sıçrayışlı inkişafı dövrü kimi xarakterizə edilir. Prezidentin qeyri-adi, strateji düşüncəsi, qlobal çağırışlara uyğun olaraq yürütdüyü konkret hədəflərə xidmət edən çevik və çoxkomninasiyalı siyasəti nəticəsində Azərbaycan ən qısa zamanda inkişaf edərək dünyanın iqtisadi və hərbi cəhətdən güclü, qüdrətli dövlətlərindən birinə çevrildi. Azərbaycan nəinki güclü və qüdrətli ölkəyə çevrildi, eyni zamanda Avrasiya coğrafiyasında enerji və logistik bir qovşağa çevrildi. Yürüdülən məqsədli siyasət geosiyasi proseslərin Azərbaycanın xeyrinə dəyişməsi ilə nəticələndi. Uilyam Çörçilin bir fikri var, deyir: "Dövlət xadimlərini siyasətçilərdən fərqləndirən odur ki, birincilər ölkənin gələcəyi haqqında, ikincilər isə qarşıdakı seçki barədə düşünürlər". Tarix sübut edir ki, ölkənin gələcəyini düşünənlər yaşadıqları dövrün nəbzini tutmağa, hansı işləri görməyin zəruri olduğunu dəqiq müəyyənləşdirməyə çalışırlar. Azərbaycanın müasir xarici siyasətində də bu prinsiplərin birmənalı şahidi olmaq mümkündür. Məhz cənab İlham Əliyevin diplomatik səyləri nəticəsində regionda əsas söz sahibi kimi çıxış etməyə iddialı bəzi dövlətlərin respublikamıza bərabərhüquqlu tərəfdaş kimi yanaşmaq məcburiyyətində qalaraq Bakı ilə təzyiq və təhdid dilində danışmağın mənasızlığını dərk etməli oldular".
Onun sözlərinə görə, qələbələrin və uğurların əldə olunmasında mühüm məqamlardan biri də liderin siyasi zaman anlamanı düzgün müəyyənləşdirib ona uyğun addımlar atmasıdır: "Məhz cənab İlham Əliyev siyasi proseslərin düzgün nizamlanmasını müəyyən etmək bacarığına malik liderlərdəndir. Ona görədir ki, son illərdə cənab Prezidentin "nəyi nə zaman edəcəyimi yaxşı bilirəm" ifadəsi bir aforizmə çevrilib. Nəyi və nə zaman edə biləcəyini dəqiq bilən cənab Prezident buna hazır olduğundan həm 2020-ci ildə 44 günlük Vətən müharibəsində, həm də 2023-cü ilin 19-20 sentyabrında 23 saat 51 dəqiqəlik antiterror tədbriləri zamanı düşməni diz çökdürüb Azərbaycana möhtəşəm Zəfər qazandırdı. 2023-cü il oktyabrın 15-də isə Xankəndində Azərbaycan bayrağının ucaldılması öz tarixi əhəmiyyətinə görə bütün qələbələrdən üstün qələbədir. Xankəndində üçrəngli Azərbaycan bayrağının dalğalanması artıq bu problemin köklü şəkildə birdfəlik həlli demək idi. Bir sözlə 2023-cü il sentyabrın 20-də əldə olunan Qələbə siyasi və mənəvi əhəmiyyətinə görə Zəfər Gününə bərabər və onu tamamlayan tarixi hadisədir".
Deputat əlavə edib ki, Azərbaycan cənab Prezident İlham Əliyevin müəllifliyi ilə yeni-yeni parlaq qələbələrə imza atmaqdadır və biz onun liderliyi altında hələ çox qələbələrə imza atacağıq: "Cənab Prezidentin yürütdüyü məqsədyönlü siyasət nəticəsində çağdaş Azərbaycan dövləti özünün şanlı tarixini yaşmaqda və inkişaf etməkdədir. Napoleon deyirdi ki, "Siyasətdə dahilik mümkün olanla mümkün olmayanı fərqləndirə bilmək qabiliyyətidir". Bu prizmadan yanaşdıqda Prezident cənab İlham Əliyevin dünyanın yeni iqtisadi və siyasi münasibətlər sisteminə dərindən bələd olan praqmatik liderlik keyfiyyətləri, reallığa əsaslanan siyasət yürütməsi qabarıq görünür. Onun liderliyi altında Azərbaycan yüksəliş mərhələsini yaşayır. Əminəm ki, onun liderliyi altında bütün hədəflərə nail olunacaq".
Alim