Azərbaycan Ordusu 44+1 gündə ermənilərin 200 illik Qarabağ həsrətini tarixin zibilliyinə göndərdi
3 Noyabr 2023 14:00 Siyasət"Bu əməliyyatla Azərbaycan bütün dünyaya separatizmin kökünü necə kəsməyin ən yaxşı nümunəsini sərgilədi"
İkinci Qarabağ müharibəsində tarizi zəfərimizə yol açan 8 noyabrın fərəhi, qürurunu yaşadığımız günlərdəyik. Bir neçə gün sonra tarixi qələbənin 3 illiyini qeyd edəcəyik. 44 günlük Vətən müharibəsi kimi tarixə düşən həmin döyüşlər nəticəsində Azərbaycan 30 ilə yaxın işğal altında olan ərazilərini düşməndən azad etdi, işğalçı Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi. Baxmayaraq ki, Azərbaycan ötən 30 ilə yaxın müddət ərzində bu problemin yalnız dinc yolla, danışqlarla həllinin tərəfdarı idi. Ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyi problemin hərb yolu ilə həllindən başqa variantı yaxın buraxmırdı. Elə "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, sabiq maliyyə naziri Fikrət Yusifov da belə deyir. Onun sözlərinə görə, Azərbaycan sülhsevər multikultural və tolerant bir dövlət olduğunu bütün dünyaya müstəqilliyinin ilk illərindən sübut etmiş bir dövlətdir. Lakin bu o demək deyil ki, onun torpaqlarını yağmalamaq və bir dövlət kimi haqqını əlindən almaq mümkündür:
"Qarabağ tarixlə də, hüquqla da Azərbaycana məxsus olub və bu həmişə belə olacaqdır".
Fikrət Yusifovun sözlərinə görə, otuz ildən artıq Qarabağ torpaqlarımızı işğal altında saxlayan ermənilər də gördülər ki, biz bu illər ərzində problemin sülh yolu ilə həlli üçün bütün imkanlardan istifadə etməyə çalışdıq:
"Azərbaycan hələ 1994-cü ildə atəşkəs rejiminə getməklə Qarabağ problemini məhz sülh yolu ilə çözmək istədiyini bütün dünyaya nümayiş etdirmişdi. Lakin erməni məkiri, erməni ikiüzlülüyü hər yerdə və hər məsələdə olduğu kimi bu problemin də həllində öz sözünü dedi. Otuz il ərzində Ermənistan hakimiyyətinin başında dayananlar status-kvonu quruyub saxlamaqla zaman uzatmağa çalışdılar. Onlar problemi "köhnəldib" onu yavaş-yavaş gündəmdən çıxartmaq və Azərbaycan xalqını bununla barışdırmaq kimi ağılsız bir yol seçdilər. Daha bilmədilər ki, bununla da özlərinə dərin bir quyu qazırlar".
Fikrət Yusifov bildirib ki, Azərbaycan müharibə istəmirdi və bütün bu illər ərzində Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev Ermənistan hökumətinə və dünya birliyinə məsələnin sülh yolu ilə həlli üçün dəfələrlə müraciətlər etdilər:
"Ancaq bütün bu müraciətlər cavabsız qaldı. Ermənistan bu illər ərzində problemin sülh yolu ilə həlli üçün çalışdığının görüntüsünü yaratmaqdan başqa heç nə etmədi. Danışıqlarda hər hansı bir pozitiv addım atılan kimi təxribatlar törədərək, sülhə açılan bütün yolları qapatdılar".
Fikrət Yusifov hesab edir ki, Azərbaycan müharibə istəsəydi, artıq çoxdan qurub formalaşdırdığı və Ermənistan ordusundan qat-qat güclü olan Ordusu ilə bu müharibəni son on ildə istənilən vaxt edə bilərdi və heç şübhəsiz onu qalibiyyətlə də başa vurardı:
"Lakin Azərbaycan hakimiyyəti daha ağıllı davrandı. O, 44 günlük Savaşa qədər erməniləri sülhə çağıra - çağıra dünyanı bu münaqişədə onların nə qədər haqsız olduğuna tam inandıra bildi. Məhz bu təbliğat beynəlxalq aləmdə ermənilərin Qarabağ mifini alt-üst etdi. Elə bunun nəticəsi idi ki, 44 günlük İkinci Qarabağ savaşında Ermənistanla dogma bacı olan Fransadan və onun prezidentindən başqa heç bir dövlət, heç bir siyasi lider Azərbaycanın üzərinə gələ bilmədi. 44 gündə Azərbaycan Prezidenti bir dövlətin İnformasiya Ordusunun görə biləcəyi işi tək öz çiyinlərində daşıdı - xarici informasiya agentliklərinə və TV-lərə verdiyi 31 geniş müsahibə ilə Azərbaycanın bu müharibədə tam haqlı olduğunu bütün dünyaya sübut etdi".
Mərkəz rəhbəri qeyd edib ki, Azərbaycan Ordusu 44+1 gündə ermənilərin 200 illik Qarabağ həsrətini tarixin zibilliyinə göndərdi:
"Bu əməliyyatla Azərbaycan eyni zamanda bütün dünyaya qara yara kimi yayılmış separatizmin kökünü necə kəsməyin ən yaxşı nümunəsini sərgilədi. İndi Azərbaycana heç kim təzyiq edə bilməz. Artıq gecdir, qatar yola düşüb. Azərbaycan 30 ildə çox çalışdı ki, bu problemi sülhlə həll etsin. lakin onun səsinə səs verən olmadı. Bizim milli hislərimizlə oynamaq istəyənlər nə düşünürdülər? Hesab edirdilər ki, yaratdıqları bu münaqişə ocağının istisinə daha 30 il də qızına biləcəklər? Bu əsla mümkün deyildi! Azərbaycanın Qətiyyətli və uzaqgörən Prezidenti yaratdığı Ordusu ilə onların bu arzularını başlarına yıxdı".
Süleyman İsmayılbəyli