Paşinyandan Rusiyanı qəzəbləndirəcək daha bir addım

Ermənistan rəhbərliyi öz ənənəsinə, sələflərinin siyasətinə sadiqlik nümayiş etdirərək bütün mümkün vasitələrdən istifadə etməklə Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlar prosesinə mane olmağa çalışır. Buna paralel olaraq İkinci Qarabağ müharibəsinin başa çatmasını özündə ehtiva edən üçtərəfli bəyanatın bəndlərinin icrasını da yerinə yetirmir, yaxud ona əngəl törədir.

Qranada görüşünə üçüncü bir tərəfin cəlb edilməsi cəhdi, Brüsseldə keçən ayın sonunda baş tutması  nəzərdə tutulan Azərbaycan və Ermənistan liderlərinin görüşünə yenə də Fransa prezidenti Emmanuel Makronun qatılması istiqamətində İrəvan və Parisdən göstərilən təşəbbüslər fonunda bunu aydın görmək mümkündür ki, Ermənistan danışıqlar prosesini hər vəchlə pozmağa çalışır. Özü də bu prosesdə İrəvan sifariş yerinə yetirən tərəf qismindədir. Sifarişçi isə özünü Cənubi Qafqaza soxmağa çalışan Fransadır.

Həm Fransa, həm Ermənistan, həm də regionda marağı olan xarici güclərin bu prosesdə əsas istəyi və məqsədi isə Rusiyanı Cənubi Qafqazdan kənarlaşdırmaqdır. Hazırda isə Ermənistan  təkcə Rusiyanı regiondan kənarlaşdırmaq missiyasını yerinə yetirmir, eyni zamanda Moskvanın iştirakı ilə baş tutan, əldə olunan bütün razılaşmaların üzərindən xətt çəkir. Hər halda Ermənustanın baş naziri Nikol Paşinyanın son açıqlaması bundan xəbər verir.

Belə ki, Ermənistan Baş naziri Nikol Paşinyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini ləğv etməyə çalışır. Bu barədə "Hraparak" nəşri yazıb.  Bildirilib ki, bir neçə ay əvvəl Nikol Paşinyan partiyadaşlarının məhdud çevrəsinə kommunikasiyaların açılması prosesini müəyyən edən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini ləğv edəcəklərini bəyan edib.

Paşinyanın uzun müddətdir ki, buna eyham vurduğunu xatırladan qəzet, 2024-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı hökumət başçısının bunu açıq dilə gətirdiyini yazır.

"Hazırda biz Milli Təhlükəsizlik Xidmətində xüsusi bölmənin yaradılması prosesindəyik, onun məqsədi kommunikasiyaların təhlükəsizliyini təmin etmək olacaq. Bundan əlavə, biz bütün ölkə üzrə patrul polisini işə salmışıq, onun ən mühüm vəzifələrinə insanların, yüklərin, malların və nəqliyyat vasitələrinin kommunikasiyalardan keçidi daxildir", Paşinyan qeyd edib.

Məsələ ilə bağlı Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov deyib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndinə əsasən, Azərbaycanın qalan əraziləri ilə Naxçıvan arasında nəqliyyat kommunikasiyalarına Ermənistan ərazisində Rusiya Federal Təhlükəsizlik Xidməti nəzarət etməli idi:

"Nikol Paşinyanın bu addımı Rusiya ilə münasibətlərin gərginləşməsi istiqamətində növbəti həmlə olacaq. Görünür, rəsmi İrəvan tamamilə Rusiyanın "caynağından çıxmaq istəyir".

Ekspert deyib ki, kommunikasiyalara Rusiyanın nəzarət etməsi həm də Ermənistana potensial təzyiq vasitəsidir:

"Ermənistan bundan imtina etməklə həmin təzyiqin qarşısını almaq niyyətindədir. İkinci bir tərəfdən, Ermənistan onsuz da üçtərəfli sənədlərin bir çox maddəsini yerinə yetirmirdi. Bu addım isə İrəvanın sözügedən sazişdən tamamilə çıxması deməkdir. Faktiki olaraq Ermənistanın üçtərəfli bəyannamənin şərtlərinə uyğun davranmır. Bu isə həm də Rusiyanın nüfuzuna zərbədir. Görünür, İrəvan Moskvanın Cənubi Qafqazdakı proseslərə təsir imkanını minimuma endirmək fikrindədir".

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti hesab edir ki, Ermənistanın KİV-inin iddia etdiyi olacaq:

"Paşinyan rəsmi şəkildə üçtərəfli bəyannamənin 9-cu bəndindən imtina edəcək. Bu isə birbaşa olaraq Paşinyanın siyasi hakimiyyətinə təsir edəcək.  Nəzərə almaq lazımdır ki, rəsmi Moskva artıq Paşinyanın əlindən bezib. Rusiya istəsə Ermənistanda asanlıqla hakimiyyət çevrilişi edə bilər. İndiyə kimi Kremlin tərəddüdünün əsas səbəblərindən biri məhz üçtərəfli sənədlə bağlı idi. Çünki həmin bəyanatı Paşinyan imzalayıb. Yeni hökumət başçısı bu razılaşmadan imtina edə bilərdi.  Görünür, daha Rusiya üçün belə bir tərəddüd olmayacaq. Beləliklə, Paşinyan "oturduğu budağı kəsir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31