Əlcəzair xalqı da Azərbaycan xalqı kimi işğalın, müstəmləkəçiliyin nəticələri ilə barışmayıb
1 Noyabr 2023 15:31 Siyasət"Prezident İlham Əliyevin Əlcəzair Prezidenti Abdelmacid Tebbuna əlcəzairlilərin 1 Noyabr - İnqilab Günü bayramı münasibətilə ünvanladığı təbrik məktubunda yer alan çox önəmli bir məqam diqqətimi cəlb etdi. Dövlətimizin başçısı məktubda Azərbaycan ərazilərinin 30 il davam edən işğalı ilə Əlcəzair torpaqlarının müstəmləkəçilik işğalı arasında tarixi paralel aparıb və azərbaycanlıların əlcəzairlilərin hisslərini, əzablarını yaxşı başa düşdüklərini qeyd edib".
"Azərbaycan Prezidenti də sözügedən təbrik məktubunda bu məqamı xüsusi olaraq vurğulayıb: "Amansız müstəmləkəçilik siyasətinə qarşı xalqınızın azadlıq mübarizəsinə başladığı bu əlamətdar gün Əlcəzairin qəhrəmanlıqlarla zəngin olan tarixinin ən şərəfli səhifələrindən biridir. Yüz ildən artıq dövr ərzində əsarətə və kütləvi zorakılığa məruz qalan, misli görünməmiş qəddarlıq, insanlıq əleyhinə cinayətlərlə üzləşən Əlcəzair xalqı müstəqilliyini bir milyon yarım şəhidin canı bahasına əldə etmiş və bununla da iradəsinin sarsılmazlığını, yenilməzliyini, mətinliyini və azadlıq əzmini bütün dünyaya nümayiş etdirmişdir".
"Dünyanın bütün tərəqqipərvər qüvvələri Azərbaycanın bu haqlı mövqeyinə qoşulmalı və Fransanın antibəşəri siyasətini pisləməlidir. Paris ayrı-ayrı ölkələrin təbii sərvətlərinə göz dikmək, öz geosiyasi maraqları naminə beynəlxalq hüququ tapdalamaq, o cümlədən Cənubi Qafqazda sülh prosesinə süni əngəllər yaratmaq taktikasından əl çəkməlidir. Hər kəs Fransanın gerçək simasını tanımalıdır. Fransanın "sivil dövlət", "demokratiyanın beşiyi" adı altında neokolonialist siyasət yürütməsi ifşa olunmalıdır".