Azərbaycan nəhəng enerji potensialına malik ölkədir - ÖZƏL
1 Noyabr 2023 10:31 Siyasət"İşğaldan azad edilmiş ərazilərimizdə olan nəhəng enerji potensialının reallaşdırılması barədə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın gələcək inkişaf strategiyasının mühüm bir hissəsidir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Kamaləddin Qafarov bildirib ki, möhtərəm dövlət başçımızın çıxışında yer almış vacib məqamlardan biri də Qarabağın və Şərqi Zəngəzurun ərazilərində mövcud olan hidroenerji potensialının hazırda fəal şəkildə inkişaf etdirilməsi ilə bağlı oldu: "Qeyd olundu ki, artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyaları istismara verilib və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır. Ümumiyyətlə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub. Bizim təbii sərvətlərimizin istifadəsi üçün böyük potensial var və aydındır ki, külək də artıq bu sərvətə çevrilib. Bütün bunlar ölkəmizə böyük həcmdə təbii qaza qənaət etmək imkanını verəcək ki, həmin qaz hazırda elektrik enerjisi istehsalı üçün istifadə edilir. Bu təbii qazın bir neçə milyard kubmetr həcmdə ixrac üçün qənaət edilməsi Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələsində rolunu və önəmini daha da artıracaq".