Demokratiyanı həmcinslərin evliliyi kimi dəyərləndirən bir dövlətin Cənubi Qafqazda nə marağı ola bilər? - ÖZƏL
31 Oktyabr 2023 12:18 Siyasət"Bu gün Kanadanın Azərbaycan əleyhinə aparmaq istədiyi kampaniya Fransanın Azərbaycana yönəlmiş ədalətsiz ermənipərəst siyasəti ilə eyniyyət təşkil edir. ABŞ və Avropa Birliyindən sonra Kanadanın bizim üstümüzə bu şəkildə gəlməsi bir qədər siyasi təlxəklik və sanki "mən də varam" özünü yada salmaq kimi görünür".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov səsləndirib. Onun sözlərinə görə, əks halda dünyanın başqa bir qütbündə, Azərbaycandan min kilometrlərlə uzaqda yerləşən, demokratiyanı həmcinslərin evliliyi kimi dəyərləndirən bir dövlətin Cənubi Qafqazda nə marağı ola bilər?
Natiq bildirib ki, Kanada xarici işlər nazirinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər Kanada hökumətinin Azərbaycana münasibətinin ifadəsidir:
"Vaxtılə Fransız və İngilis koloniyaları kompleksi kimi formalaşmış, kiçik bir dövlətçilik tarixi və bu gün də rəsmi rəhbəri İngiltərə monarxı olan bir dövlətin hökumətinin belə boş siyasi gedişlər əvəzinə öz ölkəsinin iç problemləri ilə məşğul olması daha yaxşı olardı. Bu problemlər yetərincə ciddidir və onların həlli bir o qədər asan deyil.
Görəsən demokratik dəyərlərdən, ermənilərin hüquqlarının müdafiəsindən gen-bol danışan bu biçarə nazirin öz ölkələrindəki daxili problemlərdən xəbəri varmı? Kanada hökuməti hər il xaricdən 500-600 min miqrant dəvət etməklə, ölkəsindəki demoqrafiq vəziyyəti balanslaşdırmağa, işçi qüvvəsi çatışmazlığını aradan qaldırmağa çalışsa da bu gün bu ölkədə sürətlə baş verən bahalaşma üzündən miqrantlar və yerli əhali ölkəni kütləvi şəkildə tərk edirlər. Son bir neçə ildə Kanadada mənzillərin qiyməti hər il orta hesabla 50-60% bahlaşır. Bu halda təbi ki, kirayə mənzillərin də qiyməti yüksəlir. Bütün bunlara rəğmən ölkədə əmək haqlarının və təqaüdlərin artımı nəzərə çarpan qədər olmur və elə bu səbəbdən də yaşam tərzi getdikcə pisləşən insanlar ölkəni kütləvi şəkildə tərk edirlər".
Fikrət Yusifov deyib ki, Kanada iqtisadiyyatı pandemiya dönəmindən bu günə qədər özünə gələ bilmir:
"Bu gün ölkənin xarici dövlət borcu onun Ümumi Daxil Məhsuli qədərdir. Bu yetərincə ciddi və düşündürücü bir problemdir.
Gerçək olan budur ki, Kanadanın bugünkü hökuməti onun iç problemlərini çözə bilmək iqtidarında olmadığından, yerli əhalinin diqqətini daxildə gedən anormal prosseslərdən yayındırmaq üçün ölkədə yaşayan 60 min erməninin "çağrışına qulaq asıb", Qarabağda yaşamış ermənilərin hüquqlarını müdafiə etməyə qalxıb. Bu qədər erməni Kanadanın ümumi əhalisinin 0,01%-dən bir qədər çox olan bir toplumdur. Bu toplumun "maraqları xatirinə" Qafqazın ən qüdrətli ölkəsinin üzərinə kəkələnmək Kanada hökumətinə nə ved edə bilər? Bunlar hamısı ucuz oyun və siyasi şoudan başqa heç nə deyil".
Təşkilat sədri deyib ki, Prezident İlham Əliyev ağıllı siyasi gedişlərlə Makronun anti Azərbaycan siyasətini onun başına necə yıxdısa, Kanada kimi, bu bölgəyə heç bir aidiyyatı olmayan bir ölkənin hökuməti də layiqli cavabını alacaqdır:
"Bu gün ərazisinin böyüklüyünə, əhalisinin sayına və digər göstəricilərinə görə Azərbaycan kiçik ölkə hesab olunsa da əslində O, dünyada ən böyük nüfuz sahibi olan bir ölkə kimi ortada dimdik dayanıb. Bu gün Azərbaycan deyəndə, hər kəsin gözləri önündə, dünya xalqları tarixində ilk dəfə, sayılı günlər ərzində separatizmi kökündən kəsib atmağı bacaran bir dövlət və onun şanlı xalqı canlanır. Bu gün hər bir Azərbaycan türkü dünyanın istənilən məkanında qürurla, başını dik tutub qalib xalqın nümayəndəsi kimi hər kəsin cavabını verməyə hazırdı. Bu qalibiyyəti, bu qüruru bizlərə bəxş edən Ordumuz və Ali Baş Komandanımızdır! Qalibləri mühakimə etmirlər, mühakimə etmək qaliblərin haqqıdır! Bu səbəbdən bizi heç kim mühakimə edə bilməz!".