Kanadanın Azərbaycanı ittiham etməyə heç bir mənəvi haqqı yoxdur - Deputat
31 Oktyabr 2023 10:50 Siyasət"Kanada Azərbaycanı "deportasiya" siyasəti yürütməkdə ittiham etməyə heç bir hüquqi və mənəvi haqqı olmayan ölkədir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin üzvü Kamaləddin Qafarov deyib: "Çox qəribədir ki, bu gün Fransa və Kanada kimi ölkələr digər dövlətlərə qarşı hansısa absurd ittihamlar irəli sürərkən qətiyyən öz qanlı tarixlərini xatırlamaq istəmirlər. Məsələn, Kanadanın özünün bir dövlət kimi yerli xalqların soyqırımı nəticəsində yaradılması bütün dünyaya məlum olan faktdır. Kanadanın Kamlups şəhərindəki hindu uşaqları üçün olan internat məktəbində adsız məzarlıqda 215 uşağın dəfn olunduğu, ümumilikdə 1831-1996-cı illərdə ölkə ərazisində fəaliyyət göstərən bu tip internat məktəblərində 150 minə yaxın hindu uşağının evlərindən və ailələrindən güclə ayrıldığı, bu uşaqlardan bir çoxunun fiziki və cinsi istimara, təcavüzə və yetərsiz qidalanmaya məruz qalmaları, bəzilərinin isə üzərilərində keçirilən tibbi sınaqlar səbəbindən ölmələri barədə məlumatlar da dünya mediasında kifayət qədər işıqlandırılan mövzulardır. Melani Colinin təmsil etdiyi Kanada hökumətinin birinci şəxsi, ölkənin baş naziri isə cəmi iki il bundan öncə ölkə tarixinin ən böyük uşaq istismarı hadisəsinin 2010-2015-ci illərdə fəaliyyət göstərmiş kilsədə baş verdiyini özü rəsmən etiraf edib və bütün bu cinayətlərə görə məsuliyyəti bu ölkədən 8000 kilometr məsafədə yerləşən Vatikanın daşıdığını və onların üzr istəməsinin vacibliyini bildirib. Təsəvvür edin, öz hüdudları daxilində öz vətəndaşlarına, həm də uşaqlara qarşı törədilən cinayətlərə görə məsuliyyət daşımaqdan imtina edən bir ölkənin naziri Azərbaycanı entik dözümsüzlükdə ittiham etməyə çalışır. Yaxşı olardı ki, Kanada ilk növbədə öz daxili problemlərini həll etsin və əsrlər boyunca soyqırımlarına, etnik təmizləmələrə məruz qoyulan yerli xalqların, hinduların hüquqlarının bərpası barədə düşünsün. Əlbəttə ki, əgər bir dövlət olaraq ən azından öz ərazisində müstəqil siyasət yürütmək səlahiyyəti varsa..."