Azərbaycan kimin-kimə sanksiya tətbiq edə biləcəyi barədə kanadalı naziri maarifləndirə bilər - ÖZƏL
31 Oktyabr 2023 10:30 Siyasət"Kanada xarici işlər naziri Melani Colinin Ermənistan-Azərbaycan sərhəddinə qədər gələrək ölkəmizin ərazilərini binoklla müşahidə etməsini dövlətlərarası münasibətlərdə qəbul olunmuş etik qaydalara zidd davranış, Bakını hansısa sanksiyalarla hədələməsini isə heç bir təsir gücünə malik olmayan boş danışıq kimi qiymətləndirilməlidir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Kamaləddin Qafarovun sözlərinə görə, əslində, bir çox Qərb dövlətlərinin və siyasətçilərinin erməni kartını müxtəlif məqsədlərlə oynamaları çoxdan müşahidə olunan bir haldır: "Təəssüf doğuran məqam isə budur ki, hazırda bu məqsədlər arasında Cənubi Qafqazda destabillik və mümkün olarsa hətta silahlı münaqişə ocaqları yaratmaq niyyətləri üstünlük təşkil edir. Həmin ölkələr bu yolla regionumuzda gedən proseslərə təsir imkanları əldə etməyə çalışırlar. Azərbaycan bu məqsədlərin qarşısında duran ən böyük gücdür. Buna görə də birbaşa hücumlarla ölkəmizlə münasibətlərinə xələl gətirmək istəməyən müəyyən dairələr Melani Coli kimi məsuliyyətsiz siyasətçiləri irəli çıxarmağa üstünlük verirlər. Kanadanın xarici işlər nazirinin məsuliyyətsizliyi isə, ilk növbədə, bu xanımın Azərbaycanı hansısa sanksiyalarla hədələməsində özünü göstərir. Görəsən söhbət hansı sanksiyalardan gedir? Görəsən Melani Colinin bu təhdidini həyata keçirmək üçün ölkəsinin heç bir imkanı olmadığından, hətta tam əksinə, Azərbaycanın istədiyi an Kanada şirkətlərinin öz ərazisində fəaliyyətlərini məhdudlaşdırmaq, həmçinin Kanadanın Mərkəzi Asiya ölkələrindən aldığı və Azərbaycan üzərindən daşınan uranın ixracını istədiyi zaman dayandırmaq imkanına sahib olduğundan xəbəri varmı? Əgər yoxdursa, bu zaman Azərbaycan hökuməti bəzi əməli tədbirlər görməklə kimin-kimə sanksiya tətbiq edə biləcəyi mövzusunda kanadalı naziri maarifləndirə bilər".