Təcavüzkar dövlətin məsuliyyətə cəlb olunmasını tələb etməliyik
28 Oktyabr 2023 11:10 Siyasət"27 oktyabr 2020-ci il...
Ermənistanın Bərdədə törətdiyi qanlı terrordan üç il ötür.
Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, 2020-ci ilin sentyabr ayının 27-də başlayan 44 günlük Vətən müharibəsinin gedişatında əldə olunmuş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini - yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, ballistik raketlərlə, eyni zamanda qadağan olunmuş artilleriya silahları ilə atəşə tutaraq insanlıq və sülh əleyhinə, habelə müharibə cinayətləri törətmiş, müharibəyə hər hansı aidiyyəti olmayan, gündəlik qayğıları ilə yaşayan mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurublar". Olaylar xəbər verir ki, bunu deyən millət vəkili, Milli Məclisin komitə sədri Hicran Hüseynovanın sözlərinə görə,
Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə şəhər əhalisinin gur olduğu yerlər, o cümlədən mülki şəxslərin kompakt yaşadığı hissələrinin hədəfə alınmasında məqsəd daha çox insanın həyatına son qoymaq olub:
"Biz təcavüzkar dövlətin məsuliyyətə cəlb olunmasını tələb etməliyik. Bütün dünyaya erməninin əsl xislətini göstərməliyik! Ümumiyyətlə, 30 ilə yaxın erməni işğalı nəticəsində ermənistandan qovulan, Qarabağdan, Şərqi Zəngəzurdan məcburi köçkün düşən hər bir azərbaycanlı dəymiş maddi və mənəvi təzminat (kompensasiya) ödənilməlidir! Biz bunu tələb etməliyik! Bu onların haqqıdır!"