İraq Respublikası Nümayəndələr Şurasının nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Ölkəmizdə səfərdə olan İraq Respublikası Nümayəndələr Şurasının İnsan haqları komitəsinin sədri Ərşad Rəşad Əl-Salihin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə  tər çiçəklər düzüb. Olaylar xəbər verir ki,
nümayəndə heyəti, Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb. Eyni zamanda, "Əbədi məşəl" abidəsi ziyarət olunub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Azərbaycan - İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İlham Məmmədov və  digər rəsmi şəxslər müşayiət ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31