Avropa Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında maraqlı deyil - ÖZƏL

Bu ayın sonunda Azərbaycan və Ermənistan liderlərinin iki ölkə arasında sülh müqaviləsinin imzalanması məqsədilə keçirəcəyi görüş təxirə salınıb. Artıq neçə görüşdür ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən baş tutmur.

"OLAYLAR"-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən "Milli İnkişaf" ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı deyib ki, liderlər arasında nəzərdə tutulan görüşlərin reallaşmamasında Ermənistanla yanaşı, ona havadarlıq edən, danışıqlar prosesini pozmağa çalışan Avropa, Qərb də günahkardır:

"Çünki Azərbaycan və Ermənistan liderlərinin görüşünün baş tutumasına mane olan əsas amillərdən biri də bəzi Avropa ölkələri, konkret olaraq Fransa vəı Almaniyanın danışıqlar prosesinə müdaxilə etməsidir. Bildiyimiz kimi, həm Fransa, həm də Almanuya liderləri çalışırlar ki, Azərbaycan və Ermənistan liderlərinin Brüssel formatı çərçivəsində keçirilən görüşlərində iştirak etsinlər. Bunu isə Azərbaycan tərəfi, onun rəhbərliyi haqlı olaraq qəbul etmir və bundan sonra da etməyəcək. Çünki həm Paris, həm də Berlin müntəzəm olaraq Azərbaycana qarşı qərəzli mıvqeləri ilə seçilirlər. Digər tərəfdən regionla yaxından və ya uzaqdan dağlılığı olmayan bu iki dövlət hansı haqla və hansı statusla danışıqlar prosesində iştirak etməlidir?"

İctimai birlik sədri qeyd edib ki, bundan əvvəlki Qranada görüşünün baş tutmamasının səbəbi də məhz Avropanın adı çəkilən dövlətləri oldu: "Əslində elə Avropa İttifaqının özünü Azərbaycanla Ermənistan liderləri arasında görüşlərin keçirilməsinə mane olan əsas fiqur kimi xarakterizə etmək olar. Çünki Avropa İttifaqı Cənubi Qafqazda sülh və təhlükəsizlik istəsəydi, o halda regiona təhlükə gətirmək niyyətində olan Fransanın danışıqlar prosesində iştirakına razılıq verməzdi".

Arzuman Muradlının sözlərinə görə, bütün bunlardan belə nəticəyə gəlmək olur ki, indiki halda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəməyən tərəf elə Avropanın özüdür: "Fransanın Ermənistanı silahlandırması, Avropa Parlamenti tərəfindən Azərbaycana qarşı qərəzli bəyanatların qəbulu fonunda bunu aydın görürük".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31