Azad olunmuş ərazilərin ən böyük problemi 30 il ərzində mina və partlayıcı qurğularla çirkləndirilməsidir - ÖZƏL
27 Oktyabr 2023 14:17 Siyasət"İşğaldan azad olunmuş ərazilərin ən böyük problemi 30 il ərzində ermənilər tərəfindən mina və partlayıcı qurğularla çirkləndirilmiş ərazilərin təmizlənməsidir. Bu məskunlaşma və geniş bərpa quruculuq işlərinin aparılmasına böyük təhlükələr, maneələr yaradır".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O bildirib ki, indiyədək yüzlərlə vətəndaşımız mina partlayışlarının qurbanı olub:
"Həyatlarını və sağlamlıqlarını itiriblər. Təəssüflər olsun ki dəfələrlə Azərbaycan Ermənistandan minalanmış ərazilərin xəritələrini istəsə də hər dəfə İrəvan bundan yayınıb. Minalı və partlayıcı maddələrlə çirklənmiş ərazilərin təmizlənməsi illərlə vaxt aparır, eyni zamanda bu xeyli vəsait, texnika, canlı qüvvə tələb edir. Azərbaycan bu çətin işləri də təkbaşına icra edir". Əli Oruclu deyib ki, xəritələrin əldə olunmaması həm də çətinliklər yaradır:
"Azərbaycan və Ermənistan liderləri Moskva görüşündə humanitar məsələlərin, o cümlədən minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsi barədə müəyyən razılığa gəlsələr də Ermənistan tərəfinin ya verdiyi xəritələr dəqiq olmur, ya da ümumiyyətlə bundan yayınır".
AMİP funksioneri deyib ki, minalanmış ərazilərin təmizlənməsi Haqqında Qərbin çağırışlarına da Ermənistan məhəl qoymayaraq xəritələrin verilməsindən imtina edir:
"Məsələnin təəssüf doğuran tərəfi ondan ibarətdir ki ermənilərin yalançı iddialarına və saxta təbliğatlarına diqqət göstərən Qərb tərəfindən minaların təmizlənməsi məsələsində Azərbaycanın haqlı tələblərinə biganə yanaşılır. Ermənistandan qəti şəkildə bunu tələb etmirlər. Minalanmış ərazilər isə dinc və günahsız insanların canını və sağlamlığını almaqda davam edir"