Fransanın Ermənistanı yenidən təcavüzə cəlb etməsi qəbuledilməzdir - ÖZƏL

"Fransa Ermənistana verəcəyi silahların həcmini kiçik göstərməyə çalışsa da, reallıqda İrəvana daha çox silah tədarük etmək niyyətindədir". "Olaylar" xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib. Deputat bildirib ki, Fransanın Ermənistanı silahlandırmaq niyyətini oktyabr ayının əvvəlində bu ölkənin Avropa və xarici işlər naziri Katrin Kolonna İrəvana səfəri zamanı anons etmişdi: "Kolonna bildirmişdi ki, Fransa gələcəkdə Ermənistana hərbi texnika verilməsini nəzərdə tutan saziş imzalamağa razılaşıb. Azərbaycan isə rəsmi şəkildə Fransanın bu niyyətinə etiraz etmişdi. Bununla bağlı XİN-nin bəyanatında vurğulanırdı ki, Fransanın Ermənistanı hər vəchlə silahlandırmağa çalışması, onu yenidən təcavüzə və hərbi avantüraya cəlb etməsi qəbuledilməzdir. Bölgəmizə tarixən müdaxilə etmə cəhdləri kimi, bu səylərin də uğursuzluğa düçar olacağı Fransaya aydın olmalıdır. Təsadüfi deyil ki, bu yaxınlarda Fransanın silahlı qüvvələr naziri ölkəsinin Ermənistanın müdafiə ehtiyaclarını öyrəndiyini bəyan etmişdi. Bununla əlaqədar Fransa hərbi attaşelərinin İrəvanda danışıqlar apardıqları da rəsmi olaraq təsdiqləndi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31