Tayı bərabəri olmayan bir qələbədir ki, biz separatizmi bitirdik - ÖZƏL
26 Oktyabr 2023 16:47 Siyasət"Biz hazırda tarixi anlar yaşayırıq".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Əslində, Xankəndi və Xocavənd kimi ərazilərin 30, 50, bəlkə də 100 ildir adı bizim, "dadı" ermənilərin idi. Ermənilər həmin ərazilərdə daha çox üstün mövqelərə malik idilər. Bu mənada Qarabağdakı separatçılığın da başlama nöqtəsinin Xankəndi olduğunu nəzərə alsaq, Azərbaycan Prezidentinin həyata keçirdiyi bu nəhəng siyasət, peşəkar hərbi diplomatiya və s. istiqamətlərdə gördüyü işlər çox yüksək səviyyədə bizi böyük problemdən xilas etdi. Onlar Azərbaycan xalqına qarşı "böyük Ermənistan" ideyası ilə misli görünməmiş soyqırımlar, faciələr törətmişdilər. Bu mənada, Xankəndinin, Xocavəndin və bizim namus ləkəmiz olan Xocalının azad olunması hesab edirəm ki, Azərbaycan tarixində çox möhtəşəm bir hadisə kimi daim yaddaşımızda qalacaq. Gələcək nəsillər bu hadisələri çox böyük tarixi qəhrəmanlıq hadisəsi kimi xatırlayıb, qeyd edəcəklər. Doğurdan da, tayı bərabəri olmayan bir qələbədir ki, biz separatizmi bitirdik, Ermənistanın lobbi təşkilatlarının planlarını məhv etdik. Bu mənada bu hadisələrin çox böyük əhəmiyyəti var. Azərbaycan xalqı həmişə Prezident İlham Əliyevin bu möhtəşəm fəaliyyətini, əldə etdiyi qalibiyyətini heç zaman unutmayacaq və unutmamalıdır da. Bundan sonra separatizmə meyl edən ermənilər bundan dərs çıxarmalıdırlar və heç bir zaman Azərbaycan xalqına qarşı hər hansısa belə qəbul edilən hərəkətlərə, hallara yol verməməlidirlər. Əks təqdirdə, "dəmir yumruq" yerindədir və onlar bundan da ağır zərbə alacaqlar".