Qarabağ və Şərqi Zəngəzurda 140 min insanın yaşaması nəzərdə tutulur
27 Oktyabr 2023 12:36 Siyasətİstiqamət: 5.3.7. işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"
İşğaldan azad olunmuş ərazilərdə insanların rahat yaşamaları üçün hər cür şərait yaradılır
İşğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" proqramının icrası uğurla davam etməkdədir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Artıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri bu torpaqlarda aparılan bərpa və yenidənqurma işlərinin ən yüksək səviyyədə həyata keçirilməsini stimullaşdıran mühüm amillərdən biridir.
"Böyük Qayıdış" proqramı çərçivəsində ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində icra edildi. Belə ki, ötən ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başladılar. 200 evdən ibarət kəndə ilk sakinlər yerləşdirildi. Kənddə məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər - "ASAN", "DOST", kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Hazırda kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Məlumat üçün bildirək ki, Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Qarabağın "yaşıl enerji" zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı var. Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir. Bu şəhərin Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. 2025-ci ildə, ola bilər bir az da tez, Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar. Onu da qeyd edək ki, Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq. Zəngilan mühüm nəqliyyat qovşağıdır. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur.
Cari il oktyabrın 16-da isə növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 25 ailə - 96 nəfər köçürülüb. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Laçın şəhərində 272 ailə, yəni 1052 nəfərin daimi məskunlaşması təmin edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə də keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Oktyabrın 14-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 28 ailə - 117 nəfər köçürülüb. Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Füzuli şəhərində 258 ailə, yəni 928 nəfərin daimi məskunlaşması təmin edilib. Millət vəkili Vüqar Bayramov bildirib ki, artıq Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. Bu əlamətdar günün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə əlaqədardır. 3 il öncə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan ordusu Füzuli şəhərində 27 illik erməni işğalına son qoydu: "Artıq Füzuli şəhəri bərpa edilir və müasir standartlara uyğun olaraq yenidən qurulur. Qarabağın hava qapısı olan Füzuli şəhəri son 2 ayda minədək döğma sakinlərini qarşılayaraq yeni mərhələyə qədəm qoyub. Şəhərdə hazırda 38 binada tikinti-quraşdırma əməliyyatları sürətlə aparılır. Bu ilin sonunadək 800 ailə Füzuli şəhərinə qayıdacaq. 2040-ci ilədək isə şəhərdə 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir.Yeni şəhər işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2.5 dəfə artacaq və Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq".
Sadalanan faktlar deməyə əsas verir ki, "Böyük Qayıdış" Proqramı heç bir problem olmadan başa çatacaq. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Füzuli sakinləri ilə çıxışında xüsusi maraq doğuran məqamlardan biri də məhz "Böyük Qayıdış" Proqramının uğurla icra olunduğuna dair yer almış açıqlamalarla bağlı idi. Dövlətimizin başçısı bildirdi ki, artıq 2026-cı ilin sonunda 22 min insanın təkcə Füzuli rayonunda, ümumilikdə Qarabağ və Şərqi Zəngəzurda isə 140 min insanın yaşayacağı nəzərdə tutulur. Bu gün dövlətimiz tərəfindən işğaldan azad olunmuş bütün ərazilərdə insanların rahat yaşamaları üçün hər cür şərait yaradılır. Layihələri icra edərkən məşğulluq məsələlərinə də böyük diqqət yetirilir. Aidiyyəti dövlət qurumları bu məsələ ilə bağlı ciddi addımlar atır ki, burada yerləşən insanların məşğulluq imkanları da olsun. Millət vəkili Kamaləddin Qafarov qeyd edib ki, Prezident İlham Əliyev öz çıxışında gənc füzulililərin də öz doğma torpalarına qayıtmalarını xüsusi qeyd etdi və bildirdi ki, bu, doğrudan da böyük hadisədir: "Bu, xalqımızın böyüklüyünü göstərir, doğma diyarına bağlılığını göstərir. Artıq bütün dünya görür ki, Azərbaycan xalqının öz doğma torpağına sevgisi əbədidir. İşğal dövründə illər keçdikcə xalqımızın öz torpaqlarını unudacağına, gənc nəslin, ümumiyyətlə, tam başqa bir tərzdə tərbiyə alacağına ümid edən xaricdəki bəzi dairələr isə indi nə qədər səhv etdiklərini anlayırlar".
Rəsmi məlumatalara görə, 2025-ci ilin ortasından başlayaraq Ağdam şəhərində və onun ətraf kəndlərində məskunlaşma prosesi həyata keçirilməsi gözlənilir. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, Ağdam şəhərində görüləcək işlərin miqyası çoxdur: Bu gün orada genişmiqyaslı tikinti işləri gedir. Artıq 3 məhəllənin təməli qoyulub. İki məhəllədə artıq işlərə başlanılıb. Bundan sonra daha 3 məhəllə hazırlanaraq, yaxın zamanda təməli qoyulacaq. Gələn ilin əvvəlində bütün bu tikinti işlərinə başlanılacaq. 2025-ci ilin ortasından başlayaraq biz Ağdam şəhərinə və onun ətraf kəndlərinə məskunlaşmanı həyata keçirə bilərik".
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir