Yaxın Şərqdə yaşananların regionumuza təsir imkanları
27 Oktyabr 2023 12:45 SiyasətArtıq 20 gündür ki, Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. HƏMAS-ın hərbi qanadının oktyabrın 7-ə İsraili raket zərbəsinə məruz qoymasından sonra başlanan qarşıdurma artıq demək olar ki, sözün həqiqi mənasında yeni bir müharibə vəziyyətini yaradıb. İndi meydanda tək İsrail və HƏMAS deyil, eyni zamanda Təl-Əvivin müttəfiqləri ilə HƏMAS-a rəğbəti olan, Fələstin dövlətinin yaradılmasını arzulayan ölkələr, tərəflər də Yaxın Şərqdəki qarşıdurma meydanındadır.
Regionda baş verənlərin iki dost-qardaş ölkəyə də təsiri göz önündədir. Daha doğrusu qarşıdurma hər nə qədər on min kilometrlərlə uzaqda olsa da, lakin reallıq ondan ibarətdir ki, sözügedən münaqişə bizə uzaq olduğu qədər də yaxındır. Yəni, həm Ankara, həm də Bakı mövcud problemlər bağlı mövqeyini istər-istəməz bildirməlidir.
Azərbaycanın mövqeyi bəllidir. Rəsmi Bakı istənilən regionda, bölgədə istənilən tərəflər arasında baş vermis qarşıdurmaların sülh, danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Azərbaycanın bu prinsipial mövqeyi dəyişməz olaraq qalır. Qardaş Türkiyəyə gəlincə, Ankaranın da mövqeyi demək olar ki, Bakının mövqeyi ilə fərqlənmir. Lakin qardaş Türkiyənin bu məsələdə bir qədər də Azərbaycandan önə gedən mövqe ortaya qoyduğu müşahidə edilir. Əslində bu da başadüşülən hesab edilməlidir. Nədən? Çünki Yaxın Şərqdə qarşıdurma tərəflərindən biri müsəlmanlardır. Yəni Fələstin. Ancaq bütün halda həm Bakı, həm də Ankaranın İsrail-HƏMAS qarşıdurmasının tərəflərindən biri olması doğru yanaşma deyil. Elə iki qardaş ölkə də bunu gözəl anlayır. Lakin Yaxın Şərqdə cərəyan edən proseslər fonunda bir mənfi tendensiya da müşahidə edilməkdədir. Belə ki, hansısa üçüncü qüvvə bu məsələ Türkiyə və Azərbaycanı daha çox irəli çıxmağa, qəti, kəskin mövqe nümayiş etdirməyə çalışır. Bu isə həm Bakı, həm də Ankaranın maraqlarına ziddiyyət təşkil edir. Elə AVP sədrinin beynəlxalq mısələlər üzrə köməkçisi Pərviz Mirizadə də belə düşünür. O bildirib ki, İsrail və HƏMAS arasında yaşanan genişmiqyaslı hərbi toqquşmaların regional müstəvidə proseslərə nə dərəcədə təsir edəcəyi beynəlxalq gündəm üçün öz aktuallığını qorumaqdadır. AVP rəsmisi deyib ki, mMnaqişənin alovlanması təkcə İsrail-Fələstin aspektindən deyil, Yaxın Şərqdəki digər mümkün eskalasiyaya ssenarilərinin baş qaldıracağı risqini artırır:
"Çünki proseslərin dərin strateji məntiqinə enərsək aydın şəkildə müşahidə olunur ki, bölgədəki oyunçularla digər regionlarda olan əsas oyunçular eynilik təşkil edir".
AVP rəsmisi indiki məqamda Yaxın Şərq ABŞ, Rusiya, Böyük Britaniya, Çin, İsrail, Türkiyə, Səudiyyə Ərəbistanı, İran kimi güclərin maraq dairəsində olduğu üçün onların toqquşan və kəsişən geostrateji maraqları regionun vizyonunu şəkilləndirir:
"Təbii ki, hadisələrin hansı istiqamətdə inkişaf etməsi ölkəmizdə xüsusi diqqətlə izlənilir. Rəsmi Bakı münaqişənin yalnızca sülh yolu, beynəlxalq hüququn tələblərinə uyğun həllinin və paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qurulması arzusundadır. İstənilən halda İsrail-Fələstin münaqişəsi bir sıra səbəblərdən dolayı, ən əsası dini prizmadan baxdıqda həssas mövzu olduğu üçün cəmiyyət daxilində fikir ayrılıqları mövcuddur. Lakin Azərbaycan öz dövlət maraqları kontekstindən münaqişə ilə bağlı neytrallığını qorumağı bacarır və bu belədə olmalıdır. Çünki dövlət ağılı deyilən bir reallıq var və həmin işlər duyğularla həyata keçirilmir. Hesab edirəm ki, proseslərlə əlaqədar sərgilədiyimiz mövqe həm İsraillə, həm də İslam dünyası ilə münasibətlərimizə xələl gətirməyəcək".
Pərviz Mirizadə qeyd edib ki, toqquşmalar başlayandan bəri istər münaqişə tərəfləri, istərsədə digər region dövlətləri ilə sıx diplomatiya əlaqələri quran ölkələrdən biri də, qardaş Türkiyə Cumhuriyyətidir: "Türkiyə hərbi gərginliyi bəhanə edərək Şərqi Aralıq dənizinə donanma ünsürlərini göndərən, bölgədə özünün strateji maraqlarının təmininə çalışan ABŞ-ın həyata keçirdiyi siyasətdən olduqca narahatdır. Onlar bilirlər ki, Vaşinqton Türkiyə ilə sərhəddə terror dövləti qurmaq arzusundadır və İsrail-HƏMAS gərginliyinin pərdəarxası məqamları bir istiqamətdə bu planların icrasına yönəlib. Digər tərəfdən isə prosesin həllində aktivlik nümayiş etdirmək Ankaranın İslam dünyasına liderlik etmək strategiyası baxımından olduqca əhəmiyyətlidir. Həqiqətən də Qəzza-Fələstin cəbhəsində Türkiyəyə yönəlik ümidlər yüksəkdir. Lakin müşahidələrimiz əsasında onu da qeyd etməliyik ki, Ankaranı münaqişəyə cəlb etmək və Yaxın Şərq bataqlığına sürükləmək istəyən qüvvələr də kifayət qədərdir. Lakin Türkiyənin dərin dövlət ənənələri onları məsələlərə peşəkarlıqla, səbirlə yanaşmağa sövq edir".
Süleyman İsmayılbəyli