Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələdə
27 Oktyabr 2023 10:04 SiyasətƏliyevlə Ərdoğan arasındakı qardaşlıq münasibətləri ölkələrimizin dostluq bağlarını daha da möhkəmləndirir
Bu gün zirvəsinə çatan və "Bir millət, iki dövlət" prinsipi ilə davam etdirilən Azərbaycan-Türkiyə münasibətlərinin zəngin tarixi keçmişi vardır. Hələ 1918-ci il mayın 28-də dövlət müstəqilliyini əldə edən Azərbaycan Xalq Cümhuriyyəti ilk müqaviləsini bir həftə sonra-iyunun 4-də Osmanlı dövləti ilə imzalamışdı. Bununla da Azərbaycanın müstəqilliyini ilk olaraq məhz Osmanlı dövləti tanımışdı. Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra-1992-ci il yanvarın 14-də Azərbaycan ilə Türkiyə arasında yeni diplomatik əlaqələr yaradılıb. Bu əlaqələr ötən müddət ərzində möhtəşəm inkişaf yolu keçib. Bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan, bir-birini hər zaman ən yüksək səviyyədə dəstəkləyən ölkələr yoxdur. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin "bir millət, iki dövlət" olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
Məlum olduğu kimi qardaş Türkiyə ilə münasibətlərin ən yüksək səviyyəyə çatdırılması ulu öndər Heydər Əliyevin prezidentlik dövründə daim diqqət mərkəzində saxlanılıb, yüksək səviyyəli qarşılıqlı səfərlər, aparılan müzakirələr sayəsində böyük tarixə malik qardaşlıq bağları daha da möhkəmləndirilib. İlham Əliyevin prezidentlik dövründə də qardaş Türkiyə ilə münasibətlərin inkişafı ölkəmizin xarici siyasət kursunun əsas prioritetlərindən biri kimi saxlanılıb. Prezident İlham Əliyev ilə Prezident Rəcəb Tayyib Ərdoğan arasındakı qardaşlıq münasibətləri ölkələrimiz arasındakı dostluq bağlarının daha da möhkəmlənməsinə, qardaş xalqlarımızın maraqlarının beynəlxalq miqyasda təmin olunması işinə xidmət edir. Xatırladaq ki, 2014-cü il aprelin 26-da Praqada Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" Sammitində Ermənistan prezidentinin qardaş Türkiyəyə qarşı əsassız iddialarına Prezident İlham Əliyevin "Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm" cavabını verməsi ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin ən bariz göstəricilərindən biridir. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan və Türkiyə bütün beynəlxalq platformalarda bir-birlərinin ədalətli mövqelərini dəstəkləyir və birgə fəaliyyət göstərirlər.
Azərbaycan torpaqlarını işğal etməsinə görə, Ermənistanla siyasi, iqtisadi, diplomatik əlaqələrini kəsən Türkiyənin 44 günlük Vətən müharibəsi dövründə də Azərbaycana verdiyi siyasi-mənəvi dəstək xalqımız tərəfindən ən yüksək qiymətə layiq görüldü. Türkiyə hakimiyyəti və xalqı heç bir beynəlxalq təzyiqdən çəkinməyərək bütün dünyaya Azərbaycan ilə həmrəy olduqlarını nümayiş etdirdi. İkinci Qarabağ müharibəsinin hər anını bir qardaş ölkə olaraq Azərbaycanla birgə yaşadı. Başqa sözlə, Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını qəti şəkildə nümayiş etdiridilər. Qarabağ müharibəsində əldə edilən şanlı Zəfər isə yalnız Azərbaycanın deyil, eləcə də Türkiyə və bütün türk dünyasının tarixi qələbəsi kimi qiymətləndirildi. Bu tarixi qələbədən sonra Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi iki ölkə arasındaki birliyin daha da üst səviyyələrə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etdi. Bu sənəd Azərbaycanın müstəqilliyi dövründə iki qardaş ölkə arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərən ilk rəsmi sənəddir. Məhz bu baxımdan Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu. Hazırda dövlətimiz tərəfindən Qarabağda aparılan bərpa-yenidənqurma işlərində də Türkiyə yaxından iştirak edir, hər zaman olduğu kimi, Azərbaycanla həmrəyliyini nümayiş etdirir. Ümumilikdə, Türkiyə ilə Azərbaycanın apardığı siyasət bölgədə sabitlik və sülhün bərqərar olması, xalqların birgə və rahat yaşamasına xidmət edir.
Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk".
Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşsa da, iqtisadi sahədə əlaqələrin daha da gücləndirilməsinə bir ehtiyac duyulmaqdadır. Çünki Azərbaycan və Türkiyənin mövcud potensialı iqtisadi sferada əlaqələrin, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin indiki ilə müqayisədə xeyli dərəcədə artırılmasına imkan verir. Son günlər bu istiqamətdə bir sıra mühüm addımlar atılıb. Bu gün Azərbaycan və Türkiyənin birlikdə icra etdikləri qlobal əhəmiyyətli neft-qaz, nəqliyyat layihələri bütün dünyanın diqqət mərkəzindədir. Məhz bu enerji layihələri ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunu daha da möhkəmləndirib. İkitərəfli əməkdaşlığın bütün istiqamətlərində, o cümlədən siyasi, iqtisadi, hərbi, mədəni, humanitar, idman sahələrin mövcud olan yüksəksəviyyəli əməkdaşlıq qardaş ölkələrimizin, həmçinin dost dövlətlərimizin maraqlarına da xidmət edir.
İki dövlət arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilib. Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunda Türkiyə ilə münasibətlərin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xəttin dövlət başçısı İlham Əliyev tərəfindən daha da inkişaf etdirilməsi sayəsində ölkələrimizin strateji tərəfdaşlığının daha da dərinləşməsinə nail olunub. Hazırda ölkələrimiz arasında dostluq-qardaşlıq münasibətləri uğurla inkişaf edir, bütün sahələri əhatə edir və bu əməkdaşlığın çox gözəl nəticələri vardır. Həm ikitərəfli formatda, həm regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilibdir.
Alim