Azərbaycan dünyanın nüfuzlu dövlətləri sırasına yüksəlib - ÖZƏL

"Müasir Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyasının, eləcə də ölkəmizin dünya birliyində mövqelərinin möhkəmləndirilməsinin əsası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Lider Heydər Əliyev Azərbaycanı dünyada tanıtmağı, ölkənin milli-mənəvi dəyərlərini, mədəniyyətini təbliğ etməyi, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurmağı əsas vəzifə kimi qarşıya qoymuşdu. Azərbaycan bütün beynəlxalq platformalarda Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətini ifşa edib". "Olaylar" xəbər verir ki, bunu YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova deyib: "Heydər Əliyevin dünya siyasətində ən mühüm uğurlarından biri də bütün maneələrə baxmayaraq, Cənubi Qafqazda qlobal iqtisadi layihələrin təməlinin qoyulmasıdır. Bunun bariz sübutu kimi 20 sentyabr 1994-cü ildə Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində imzalanan "Əsrin müqaviləsi", bir-birinin ardınca həyata keçirilən neft-qaz layihələri xüsusi qeyd edilməlidir. Ulu Öndər uzaqgörənliklə söyləyirdi ki, "Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaqdır". Bəli, Ulu Öndərin 30 il öncə dediyi sözlər bu gün reallıqdır. Hazırda ölkəmiz dünyada sivil, demokratik, qanunun hakim olduğu inkişaf etmiş bir dövlət kimi qəbul edilir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan xarici siyasət kursu ölkəmizi dünyanın nüfuzlu dövlətləri sırasına yüksəldib. Azərbaycan dünyanın mötəbər təşkilatlarının tədbirlərinin keçirildiyi məkana çevrilib, beynəlxalq münasibətlərdə əməkdaşlıq əlaqələri yeni mərhələyə qədəm qoyub. Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad edib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan xarici siyasət kursumuz ölkəmizin beynəlxalq müstəvidə nüfuzunu əhəmiyyətli dərəcədə yüksəldib. Azərbaycan dünya ölkələri ilə dostluq və qarşılıqlı ikitərəfli və çoxtərəfli əlaqələrini inkişaf etdirməklə Cənubi Qafqaz regionunda və onun sərhədlərindən kənarda sülh şəraitində birgəyaşayış prinsipini təşviq edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31