Bu gün həm Qubadlı, həm də bütövlükdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları qlobal tikinti-quruculuq meydanına çevrilib - ÖZƏL
25 Oktyabr 2023 12:37 Siyasət"Hər şeydən əvvəl Qubadlı şəhər günü münasibətilə Qubadlıları təbrik edirəm və tezliklə doğma yurdlarına qayıtmalarını arzulayıram. Təkcə Qubadlının yox, digər işğal altında olmuş rayonların, şəhərlərin, hətta hər bir kəndin belə azad edilməsi, qələbəyə gedən yolu yaxınlaşdırmışdır. Etiraf etməliyik ki, müharibə başlananda, həmin dövrün geosiyasi çətinliklərini dərk edən xalqımız, heç olmasa, bir rayonun tam azad olmasını arzulayırdı. Ancaq Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və prinsipiallığ nəticəsində bütövlükdə Qarabağ və ətraf rayonlar tamamilə azad oldu".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev Qubadlının işğaldan azad edilməsinin 3-cü ildönümündən danışarkən səsləndirib. Millət vəkili bildirib ki, Qubadlı ilə yanaşı, Füzulinin, Cəbrayılın, Zəngilanın, Şuşanın, Laçının, Kəlbəcərin, Ağdamın azad olunduğu günlər Prezident sərəncamı ilə bayram olaraq rəsmi şəkildə qeyd olunur:
"Düşünürəm ki, yaxın gələcəkdə Xankəndinin və digər yaşayış məntəqələri ilə bağlı təqvimə bayram günləri daxil ediləcəkdir".
Nəsib Məhəməliyev qeyd edib ki, bu gün həm Qubadlı, həm də bütövlükdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları qlobal tikinti-quruculuq meydanına çevrilib:
"Praktiki olaraq, slfırdan yeni şəhərlər salınır. Rayonlararası magistral yollar, beynəlxalq hava limanları, inzibati və yaşayış binaları inşa olunur, infrastruktur layihələri həyata keçirilir. Artıq bəzi rayonlarda məskunlaşma proseslərinə başlanıb. Aparılan işlərin sürəti və Dövlət Başçısının bilavasitə nəzarəti əminlik yaradır ki, yaxın zamanlarda Qarabağda ən müasir şəkildə inşa olunmuş şəhərləri görəcəyik və vətəndaşlarımız yurdlarına qayıdacaqlar".