Qubadlı Şərqi Zəngəzurun gələcək sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq
25 Oktyabr 2023 12:08 Siyasət"Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsindən 3 il ötdü. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatlar nəticəsində 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edilib. İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl rayonu və Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar Azərbaycan Silahlı Qüvvələri bölmələrinin çox böyük strateji əhəmiyyət kəsb edən Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaradıb. Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhərinin azad edilməsindən cəmi 5 gün sonra Qubadlı şəhəri və rayonun böyük bir hissəsi azad edilərək düşməndən təmizləndi. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə olmaqla yanaşı, çox böyük strateji və siyasi əhəmiyyət kəsb edirdi. Qubadlının azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı". Bunu "Olaylar"a açıqlamasında deputat Şahin İsmayılov deyib.
Onun sözlərinə görə, Qubadlı rayonun azad olunması hərbi strateji baxımdan Azərbaycan ordusuna qələbənin yaxınlaşmasında bir sıra üstünlüklər qazandırmış oldu. "Ordumuz Qubadlını işğaldan azad etməklə Ermənistanla sərhədə, daha doğrusu Qərbi Zəngəzur sərhədlərinə çıxışmış oldu. Azərbaycan ordusunun Qubadlını azad edərək Qərbi Zəngəzur sərhədinə çıxaraq, Ermənistanla 120 km-lik ərazidə nəzarəti ələ keçirməsi, oradaki strateji yüksəkliklərdə mövqelərini möhkəmləndirməsi həm növbəti hərbi əməliyyatların uğurla davam etdirib hədəflərə nail olması, həm də hərbi-psixoloji cəhətdən üstünlük əldə edib, düşməni psixoloji sarsıntıya uğradılması baxımdan çox mühüm strateji əhəmiyyət kəsb edirdi".
Qubadlının azad edilməsi düşmən cəbhəsinin ikiyə bölərək, mühasirəyə alınıb döyüş manevr imkanlarını məhdudlaşdırması baxımdan da mühüm əhəmiyyət kəsb edirdi. Bütün bu və digər amillər səbəbindən çox böyük strateji əhəmiyyət kəsb edən Qubadlının azad edilməsi böyük Qələbənin əldə edilməsini daha da sürətləndirdi", - deputat qeyd edib.
Deputat əlavə edib ki, Qubadlı eyni zamanda iqtisadi baxımdan faydalı qazıntı ehtiyatları, kənd təsərrüfatı baxımdanda böyük əəhmiyyətə malik rayondur: "Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur. Bu isə Şərqi Zəngəzurun gələcək sosial-iqtisadi inkişafı baxımdan mühüm rol oynayacaq".
Deputat bildirib ki, işğal nəticəsində düşmən tərəfindən vandalcasına tamamilə məhv edilən Qubadlı işğaldan sonra yenidən yenidən qurulur və işğalın fəsadları aradan qaldırılır: "Cənab Prezidentin sərəncamı ilə oktyabrın 25-i Qubadlı şəhər günü elan edilib. Ölkə başçsının birbaşa nəzarəti altında Qubadlı şəhəri yenidən ən müasir şəhərsalma qaydalarına uyğun şəkildə salınmağa başlayıb. Artıq Qubadlı rayonunun gələcək inkişafı və insanlaırn öz ata yurdlarına tez bir zamanda dönüşü ilə bağlı Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, həmçinin Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub. Ümumiyyətlə Qubadlıda həyatın yenidən öz məcrasına dönməsi istiqamətində genişmiqyaslı işlər görülməkdədir. Əminəm ki, ən yaxın zamanda cənab Prezidentin və Biinci vitse-prezidentin birgə səyləri, diqqət və qayğıları nəticəsində azadlığına qovuşan Qubadlı respulikanın iqtisadi, aqrar və turizm baxımdan ən inkişaf etmiş rayonlarından birinə çevriləcək. Bu da ölkəmizin iqtisadi gücünə əlavə güc qatacaq".