Qubadlı yenidən dirçəlir, öz əvvəlki görkəmini bərpa edir - ÖZƏL
25 Oktyabr 2023 10:46 Siyasət"Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 25-də Qubadlı Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb".
"OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri səsləndirən YAP üzvü Mətanət Qəribova deyib ki, Qubadlı 1993-cü ilin 31 avqust tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi: "Ermənilər işğal müddətində Qubadlı şəhərini, rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədib. İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədib, meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırıb".
O bildirib ki, hazırda Qubadlı ərazisində minatəmizləmə əməliyyatları, quruculuq, abadlıq işləri aparılır:
"İndi qarşıda duran ən şərəfli mühüm vəzifə, Vətən müharibəsində əldə edilmiş qələbəni qorumaq, düşmən tapdağından azad olunmuş ərazilərimizi bərpa etmək, qurub gülüstana çevirmək və insanların tez bir zamanda doğma yurda əbədi qayıdışına zəmin yaratmaqdır. Qubadlı yenidən dirçəlir, öz əvvəlki görkəmini bərpa edir".