Fransanın Ermənistanı silahlandırması təkcə Azərbaycan yox, ümumən region üçün təhlükə yaradır - ÖZƏL

Fransa və Ermənistan müdafiə sahəsində ikitərəfli əməkdaşlığa dair sənəd imzaladı. Sənəd Fransa və Ermənistanın müdafiə nazirləri Sebastyan Lekornu və Suren Papikyan arasında keçirilən görüşdən sonra imzalanıb. Hələlik Paris və İrəvan arasında imzalanan sənədin tam detalları açıqlanmasa da, lakin ümumilikdə Fransanın Ermənistana hərbi yardım göstərəcəyi, bu ölkənin hava hücumundan müdafiəsini gücləndirəcəyi tərəflər arasında əldə olunan razılaşmada öz əksini tapıb. Hətta Fransanın Ermənistanda baza yaratması mümkünlüyü barədə danışılır.
Parisin İrəvana hərbi yardımı və imzalanan sənədi şərh edən "Milli İnkişaf" ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı deyib ki, bu, Fransanın açıq-aşkar Cənubi Qafqazda yeni münqişə, gərginlik yaratmaq cəhdidir. İctimai birlik sədri hesab edir ki, Fransanın Ermənistanı silahlandırması təkcə Azərbaycan deyil, eyni zamanda region üçün təhlükə, təhdiddir:

"Fransanın Cənubi Qafqaza burnunu soxması, onun Ermənistanda hərbi baza yaratmaq istəyi NATO-nun regiona daxil olması deməkdir ki, bu da Rusiyanın maraqlarına zidd, eyni zamanda Moskvanın dediyi kimi onun təhlükəsizliyinə təhdiddir. Ona görə də Rusiya heç bir halda Ermənistanın belə bir oyuna getməsinə izn verə bilməz. Digər tərəfdən Fransanın Ermənistanda varlığı həm də İrana illərdir sanksiyalar tətbiq edən Birləşmiş Ştatların, Qərbin, Aİ-nin regionda, İranın bir addımlığında peyda olması anlamı verir. Bu baxımdan İran da Parisin İrəvana silah verməsini təhlükəsizliyini üçün təhdid hesab etməlidir və buna qarşı mövqe qoymalıdır. Eyni ilə Türkiyə, Gürcüstan  üçün də bu təhlükələr var. Ona görə də düşünürəm ki, region ölkələri də Fransanın neokolonizalizm yolu ilə Cənubi Qafqaza gəlməsinə qarşı çıxacaq. Çünki dediyim kimi Parisin bu addımı ümumilikdə region və regionətrafı ölkələr üçün ciddi təhlükə yaradır"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31