Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində BMT-nin vacib rol oynadığını qəbul edir - ÖZƏL
24 Oktyabr 2023 12:36 Siyasət"Oktyabrın 24-ü Birləşmiş Millətlər Təşkilatı günüdür. Bu il təşkilat özünün 78-ci ildönümünü qeyd edir. 1945-ci ilin bu günündə BMT-nin yaranması haqqında qanun qüvvəyə minib. Oktyabrın 24-ü BMT günü kimi qeyd edilir. Həmin gün münasibətilə bütün dünyada BMT-nin məqsədləri və nailiyyətlərinə həsr olunan iclas, diskussiya və sərgilər keçirilir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili, Milli Məclisin komitə sədri Hicran Hüseynova deyib: "BMT-nin əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. BMT universal üzvlüyü təmin edən yeganə qlobal təsisatdır və beləliklə də dayanıqlı inkişafa nail olunması məqsədilə qlobal iqtisadi idarəçiliyi əhatə etmək iqtidarındadır. Bu səbəbdən BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir.
Azərbaycan BMT-nin fəal üzvlərindən biri kimi bu təşkilatın fəaliyyətində özünəməxsus yeri ilə seçilir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın 29-da Birləşmiş Millətlər Təşkilatına üzv olmaq məqsədilə BMT-nin Baş Məclisinə və dünya dövlətlərinə müraciət edib. BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilmiş 46-cı sessiyasında Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı qətnamə qəbul edilib. BMT-nin Nyu-Yorkdakı iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın dövlət bayrağı qaldırılıb.
2011-ci il oktyabrın 24-də Azərbaycanın həyatında çox əlamətdar və tarixi hadisə baş verib. BMT Təhlükəsizlik Şurasına seçkilərdə Azərbaycan bu mötəbər təşkilatın üzvü seçilib. Gərgin şəraitdə keçən və bir neçə turdan ibarət səsvermədə 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləyərək, etimad göstərərək ölkəmizi bu mötəbər təşkilata üzv seçib. Prezident İlham Əliyev bu əlamətdar hadisə münasibətilə bəyanatında deyib: "Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir".
Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Eyni zamanda, rəsmi Bakı BMT-nin XXI əsrdə dünyanı narahat edən təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün qurum çərçivəsində islahatların həyata keçirilməsi idehyasını dəstəkləyir.