Fransa Ermənistanı revanşizmə təhrik edir - ÖZƏL
23 Oktyabr 2023 15:03 Siyasət"44 günlük İkinci Qarabağ müharibəsi Ermənistanın məğlubiyyəti ilə, 23 saatlıq lokal antiterror tədbirlərinin Qarabağdakı separatçı rejimin darmadağın edilməsilə başa çatması bəzi ölkələrin, o cümlədən Fransanın da gerçək simasını tam olaraq tanımağımıza yardımçı oldu. Əvvəllər özünü zorən neytral göstərməyə çalışan bu ermənipərəst ölkənin indi axırıncı maskası da düşüb".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki, Fransa Ermənistanı revanşizmə təhrik etdiyini və Cənubi Qafqazda qalıcı sülhün bərqərar olmasını istəmədiyini gizlətməyə artıq cəhd də göstərmir:
"Bu ölkə Azərbaycana qarşı düşmənçiliyini açıq müstəviyə keçirib. Fransanın müdafiə naziri Sebastyan Lekornyu utanmadan bəyan edir ki, onun ölkəsi Ermənistana hava hücumundan müdafiə silahları satmağa hazırlaşır.
"Ermənistana imkan vermək lazımdır ki, öz mülki əhalisini qorusun və sərhədlərinin mühafizəsini təmin etsin. Biz İrəvanın fransız istehsalçılarından müəyyən sayda silah almasını rəsmiləşdirəcəyik. Xüsusən də Ermənistan səmasının qorunması üçün lazımi silahların verilməsinə dair bu ölkə ilə müqavilə imzalayacağıq", - nazir Fransa mətbuatına müsahibəsində deyib".
Komitə sədrinin sözlərinə görə, əsl həqiqətdə isə Fransanın müdafiə naziri saxtakarlıq edib və gerçəkləri tam açıqlamayıb:
"Araşdırmalar isə onu göstərir ki, Fransa Ermənistanı Hindistanın vasitəsilə çoxdan silahlandırır və bu silahların tərkibinə təkcə müdafiə deyil, hücum silahları da daxildir.
Görünən budur ki, Fransa oyuncaq Ermənistan dövlətinin əli ilə Cənubi Qafqazı militarizasiya zonasına çevirməyə çalışır. Rəsmi Paris bu planını həyata keçirməkdə başlıca olaraq iki məqsəd güdür. Birincisi, böhran dövrünü yaşayan fransız hərbi sənayesi üçün yeni bazar əldə etməkdir. İkinci məqsəd isə Cənubi Qafqazda tam olaraq yerləşməkdən ibarətdir.
Lakin həm Azərbaycanın, həm də regionda marağı olan digər qlobal güclərin Fransaya öz məkrli planlarını həyata keçirməyə mane olacağı təbiidir. "3+3" formatında əməkdaşlıq prosesinin güncəlləşdirilməsi də Ermənistanı Fransa kimi imperialist güclərin ağuşundan qoparmağa, onu sülh və təhlükəsizliyin təmin olunması xəttinə qaytarmağa xidmət edir".