Əbədiyaşar qəhrəman Arəstə Baxışovanın şəhadətə ucalmasından üç il ötür - ÖZƏL

Bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərən, şəhidlik məqamına ucalmaqla ölümsüzləşən 44 günlük Vətən müharibəsinin ilk və yeganə xanım şəhidi Arəstə Baxışovanın şəhadətə ucalmasından üç il ötür. "Olaylar"ın məlumatına görə, millət vəkili, Milli Məclisin komitə sədri Hicran Hüseynova bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Arəstə Baxışova ölümündən sonra "Vətən uğrunda" medalı, 2021-ci il mayın 12-də isə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ingilis tibb bacısı Florens Naytingelin şərəfinə təsis olunmuş "Florence Nightingale" medalı ilə təltif edilib. Əsl hərbçi, əsl şəfqət bacısı, tibb qulluqçusu, qəhrəman şəhidimizin büstü isə gənc heykəltəraş Müstəqil Babayev tərəfindən hazırlanıb:
"2020-cil il sentyabrın 27-dən noyabrın 9-dək davam edən 44 günlük Vətən müharibəsi tariximizin şanlı səhifəsidir. Müzəffər Azərbaycan Ordusunun qazandığı qələbə xalqımızın gücünü, yenilməzliyini, birlik və həmrəyliyini bütün dünyaya bir daha sübut etdi. Xalqımızın mərd, igid, vətənpərvər oğulları, qızları torpaqlarımızı yağı düşmənin əlindən azad edərək, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçib şəhidlik zirvəzinə, ali məqama yüksəldilər. Məhz onların canı-qanı bahasına 30 ilə yaxın erməni işğalında olan Azərbaycanın əzəli torpaqları azad edildi. 
Vətən, xalq yolunda canını fəda edən, həyatını qurban verən igid oğullarımız və qızlarımızla fəxr edir, qürur duyuruq! Onlar öz vətənpərvərlik borclarını qətiyyətlə, böyük əzmlə yerinə yetirdilər. Şəhidlərimizin qanı ilə alınan torpaqlarda bu gün üçrəngli bayrağımız qürurla dalğalanır. Vətən uğrunda şəhidlik məqamına yüksələn şəhidlərimizin qəhrəmanlıqları, fədakarlıqları heç zaman unudulmayacaq. Onlar Azərbaycan xalqının əbədiyaşar ölməz qəhrəmanlarıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31