Vəzifəli şəxslər xalqı incitmək yolundan çəkinsin - Deputat

"Qarabağ zəfəri bizə yalnız suverenliyimizi qaytarmadı, düşmənlərimizi tanımağa da kömək etdi. Jurnalist Sevinc Osmanqızı, Əli Kərimli, digərləri və Avropaya səpələnən bizdən olmayanlar. Onlar qazanılan zəfəri xalqın gözündən tökmək üçün 24 saat çalışır. Deyirdilər ki, İlham Əliyev Qarabağı azad etsə, siyasətdən gedərik, adımızı dəyişərik, bir ömür qul olarıq. Yox, siyasətdən getməyin, qul olmayın, adınızı dəyişməyinizi də istəmirik". Olaylar xəbər verir ki, bunu millət vəkili Razi Nurullayev Milli Məclisin iclasında çıxışı zamanı deyib: "Amma, vətənə xidmət edin. Apardığınız siyasət bu hakimiyyətə qarşı deyil, artıq Azərbaycana qarşı yönəlib. Bilin ki, bu şəkildə müxalifətçilik etmək hakimiyyəti,  İlham Əliyevi zəif salmır, əksinə gücləndirir. Çünki, səbəbləriniz məntiqsizdir, zəif və çılpaqdır. 

Xalqımızın Rusiyaya birmənalı olmayan münasibətini körükləyib, Rusiya ilə aramızı vurub, təzədən münaqişə ocağı yaratmaq istəyirsiniz. Türkiyə ilə Rusiyanı toqquşdurmaq yolu tutursunuz. Rusiya sülhməramlıları da çıxacaq, amma, ölkəmizin apardığı siyasətin tərkib hissəsi olaraq Azərbaycanı tərk edəcək. Bu məsələdə sözünüzün bir qram çəkisi və önəmi yoxdur.  

Niyə Qərb dünyasını tənqid etmirsiniz? Niyə Əli Kərimli, Sevinc Osmanqızı və Avropaya səpələnən bir nəfər də bir Qərb ölkəsini tənqid etmir, hansı ki, onlar Qarabağı Ermənistana vermək istəyirdilər. Adlarını fərqli fikir qoyub xaricdən maliyyələşən mətbuat da tənqid etmir o ölkələri. Dollar, avro imkan vermir. Onlar ölkəmizə geniş miqyaslı hücuma keçib, amma gözləri önündə dünyanın ayrı-ayrı yerlərində beynəlxalq qanunlar, qətnamələr ayaqlar altında əzilir, səsləri çıxmır. Çünki, pulunuz oradan gəlir. Belə çıxır ki, siz pul müqabilində hər şeyi satmağa hazırsınız. O zaman vətəndən, torpaqdan danışmağa haqqınız yoxdur.

Əlavə olaraq, zəfər çalan xalq ədalətsizlik görmək və yaşamaq istəmir. Vəzifəli şəxslər xalqı incitmək yolundan çəkinsin, qanunla müəyyən edilmiş vəzifə borcunu yerinə yetirib vətəndaşı da borclu çıxarmasın, onun cibinə girməsin. Biz qələbə çalmışıq, fərqli dövlət olmuşuq və qanunsuzluq edənlərə də qarşı çəkinmədən mübarizə aparmaq və onları silib atmaq borcumuzdur və edəcəyik. Qarabağda zəfər çalan Prezidentin ölkəmizdə olan əyrilikləri də düzəldəcəyinə inanırıq və bu mübarizədə yanında dayanmağa hazır olduğumuzu bildirirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31