Beynəlxalq aləm Azərbaycanın üzləşdiyi mina probleminə biganədir

Arzuman Muradlı: "Bu problem məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması prosesini də yubadır"

Ermənistanın işğalına son qoyulsa da, 30 ilə yaxın ərazilərimizdə törətdikləri vandallıqlar tədricən aradan qaldırılsa da,  işğalçı ölkənin Azərbaycana qarşı həyata keçirdiyi mina terrorunu hələlik aradan qaldıra bilmirik. Bunun da bir neçə səbəbi var. Başlıca səbəblərdən biri ermənilərin işğal dövründə ağıla gələn və gəlməyən bütün yerlərə mina basdırmasıdır. Digər səbəb isə ondan ibarətdir ki, beynəlxalq aləm, müvafiq beynəlxalq qurumlar bu problemə biganədirlər. Müharibədən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq hələ də müvafiq beynəlxalq təşkilatlar, dünya dövlətləri Azərbaycanın minatəmizləmə prosesinə dəstək nümayiş etdirmirlər. Bu da təbii ki, sözügedən problemin qalmasını labüd edir. Yalnız Azərbaycana dost olan ölkələrin, eyni zamanda daxili imkanlarımız hesabına bu problemin aradan qaldırılmasına çalışılır ki, bu da aparılan mübarizənin istənilən effektini vermir. Elə İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində baş vermiş mina partlayışı hadisələri də sübut edir ki, problem kifayət qədər ciddidir.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi Minalarla Mübarizədə Beynəlxalq Standartlara (İMAS) əsasən Azərbaycan Respublikasının bütün ərazisi (Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazisi istisna olmaqla) üzrə apardığı təhqiqatlar da göstərir ki, 10 Noyabr 2020 - 30 Sentyabr 2023 tarixlərdə, 48 nəfəri mülki şəxs (2 uşaq, 3 jurnalist və 3 mina təmizləyən daxil) olmaqla 63 nəfər həlak olub və 102 nəfəri (2 uşaq və 14 mina təmizləyən daxil olmaqla) mülki şəxs olmaqla 264 nəfər mina və PHS qurbanı qeydə alınıb. Bu müddətdə daha 12 mülki şəxsin xəsarət alması ilə bağlı məlumat təşkilat tərəfindən yoxlanılır.

Ümumilikdə isə son 22 ayda (10.11.2020 -01.09.2023) 99 868 hektar ərazi təmizlənib; nəticədə 29 690 personal əleyhinə mina, 17 350 tank əleyhinə mina və 47 968 UXO aşkar edilərək zərərsizləşdirilib.

Ermənilərin mina terroru  ilə bağlı Azərbaycan dövləti, onun müvafiq qurumları tərəfindən sözügedən problemlə məşğul olan beynəlxalq təşkilatların, fondların məlumatlandırıldığını diqqətə çatdıran "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı təəssüf hissi ilə qeyd edib ki, bütün məsələlərdə Azərbaycana qarşı qərəzli mövqe, ikili yanaşma olduğu kimi, mina problemi sahəsində də beynəlxalq aləm Azərbaycanın səsinə məhəl qoymur, mina terrorunun davam etməsinə imkan yaradır:

"Baxmayaraq ki, ən ali səviyyələrdə belə rəsmi Bakı tərəfindən müvafiq beynəlxalq təşkilatlara müraciət ünvanlanıb. Həmçinin, Azərbaycanın vətəndaş cəmiyyəti fəalları tərəfindən anoloji müraciətlər edilib ki, ermənilərin mina terroru ən sarsıdıcı zərbələrini vurur. Lakin təəssüflər olsun ki, nə Azərbaycanın müraciətinə reaksiya veriliz bizə minatəmizləmə prosesində köməkm göstərilir, nə də Ermənistana mina xəritələrini Azərbaycan tərəfinə təhvil vermək üçün təzyiq göstərilir. İnsan taleyinə sərgilənən bu cür biganə münasibət isə demək olar ki, hər gün özü ilə yeni-yeni fəlakətlər gətirir".

İctimai birlik sədri beynəlxalq təşkilatları, dünya birliyini ikili standartlarda, mina problemi ilə üzləşən ölkələr arasında ayrıseçkilik yaratmaqda ittiham edib:

"Necə olur ki, Ukraynada müharibə başa çatmadan ayrı-ayrı beynəlxalq təşkilatlar, fondlar bu ölkənin minalanmış ərazilərinin təmizlənməsi haqda ilkin maliyyə yardımı müəyyən edir, fəaliyyət istiqaməti seçirlər, ancaq Azərbaycanda müharibə 3 ilə yaxındır ki, başa çatıb, bir dəfə də olsun minalanmış ərazilərimizin vəziyyəti barədə hansısa reaksiya vermir, ərazilərimizin təmizlənməsi üçün hərəkərə keçmir. Bunun özü də bir daha sübut edir ki, bütün sahələrdə olduğu kimi minalanmış ərazilərin təmizlənməsi məsələsində belə Azərbaycana qarşı ikili standartlar, qərəzli yanaşma  var. O zaman sual olunur ki, Avropa təsisatları, ayrı-ayrı qitə ölkələri hansı haqla insan hüquq və azadlıqlarından, insan taleyindən danışırlar? Məgər ermənilərin mina terrorunun qurbanı olan və gələcəkdə də hər an anoloji hadisə ilə minadan zərər çəkəcək şəxslər insan deyilmi, onların da hüquq və azadlıqları, öz doğma torpaqlarına qayıtmaq hüquqları yoxdurmu? Bu qədər də riyakarlıq, ikiüzlülük olmaz".

İctimai birlik sədri onu da deyib ki, ərazilərimizdə mina təhlükəsinin qalması azad olunan ərazilərdə genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması prosesini də yubadır.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31