Avropa Parlamentinin üzvləri siyasi korrupsiyaya qurşanıb

Qurum təmsilçiləri ermənilərə lobbiçilik edərək ikili standartlardan çıxış edirlər

Avropa Parlamenti tərəfindən Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış, 1 milyondan çox insanı hərbi təcavüz nəticəsində doğma yurdlarından didərgin salmış bir ölkənin başçısını yüksək səviyyədə qəbul edilməsi bu təşkilatın beynəlxalq hüquq normalarını və ədalət prinsiplərini heçə saymasının göstəricisidir. Təşkilatın bu münasibətindən "məmnun" görünən Ermənistanın baş naziri  Nikol Paşinyan ənənəsinə davam edərək Azərbaycana qarşı  əsassız iddialar səsləndirib. Millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva qeyd edib ki, Paşinyanın Avropa Parlamentindəki çıxışı bütünlüklə yalan üzərində qurulmuşdu. Deputat bildirib ki, erməni lobbisinin, anti-azərbaycançı mərkəzlərin yuvasına çevrilmiş Avropa Parlamenti dövlətimizin ərazilərini işğaldan azad etməsini, Qarabağ ərazisində öz suverenliyini təmin  etməsini, separatizmin kökünü kəsməsini həzm edə bilmir: "Biz görürük ki, Avropanın özündə separatizmə qarşı mübarizə aparılanda Avropa Parlamenti fərqli mövqe nümayiş etdirir. Beynəlxalq hüquq normalı bütün dövlətlər üçün bərabərdir. Bu təşkilatın məsələyə fərqli yanaşmaq cəhdləri yolverilməzdir. Qarabağda keçirilən antiterror zamanı ordumuz yalnız qanunsuz hərbi birləşmələri hədəfə alıb. Mülki əhaliyə və infrastruktura toxunulmayıb. Avropa Parlamenti kimi qərəzli qurumlar Azərbaycanı  "etnik təmizləmə"də ittiham etməyə çalışırlar. Amma dövlətimiz öz qanuni addımları ilə həmin iddiaları ifşa edir". Millət vəkilinin sözlərinə görə, Paşinyan Avropa Parlamentində 44 günlük müharibə dövründə Ermənistanın Gəncə əhalisinə qarşı terror hücumunun üçüncü ildönümü günündə çıxış etdi. Yəqin ki, bu təsadüf deyil, Avropa Parlamenti ilə Ermənistanın düşünülmüş addımıdır. 2020-ci il oktyabrın 17-də gecə saat 01.00 radələrində erməni hərbi birləşmələri cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə növbəti dəfə xain və qəddarcasına atəşə tutmuşdu. Terror hücumu zamanı yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalmışdı. Nəticədə 15 nəfər həlak olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdi. Həlak olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var idi. Bu faktlar göstəri ki, Avropa Parlamenti bu müharibə cinayətlərini törətmiş Ermənistanla həmrəydir. Eyni zamanda, bu gün Avropadakı islamofobiya, dini dözümsüzluk, müəyyən dairələrin maraqlarının və ambisiyaların həyata keçirilməsi hər kəsə bəllidir. Avropa Parlamentinin üzvləri siyasi korrupsiyaya qurşanıb ermənilərə lobbiçilik edərək ikili standartlardan çıxış edirlər. Belə olan halda, onlar  kimdənsə nəyisə tələb edə bilməz. Müharibə cinayətləri törətmiş ölkənin başçısına yüksək "qonaqpərvərlik" göstərmək və onunla həmrəylik ifadə etmək, əslində, bu ölkənin cinayətlərinə dəstək vermək deməkdir. Bununla da, Avropa Parlamenti bir daha gerçək simasını nümayiş etdirmiş oldu".

Millət vəkili Razi Nurullayev qeyd edib ki, bütün baş verənlərin fonunda  Avropa Birliyi bütün separatçı ermənilər, o cümlədən onların nümayəndələri üçün geniş amnistiya istəyir: "Yəni deyir ki, Gəncəni, Tərtəri bombalayanları, Qarabağda mülki vətəndaşları qətl edənləri, Xocalı soyqırımını törədənləri, 1 milyon insanı 30 il didərgin salanları, 20 min Azərbaycan əsgərini şəhid edənləri, 30-40 min insanı əlil edənləri bağışlayın getsinlər. Deyirlər ki, dağıdılmış, viran qoyulmuş 8 şəhərinizi, yüzlərlə kəndlərinizi, donuz saxlanılan məscidlərinizi, silinib atılmış yüzlərlə muzey və tarixi abidələrinizi Ermənistan rəhbərliyinin üzünə vurmayın. Nə böyük iş olub ki? Azərbaycanlılar ölüb də, Azərbaycan dağılıb da. Nə olsun ki? Deyirlər ki, bir milyon mina basdırıb torpaqlarınızda. Eyib etməz, nə olar ki, yüzlərlə vıtəndaşınız ölürsə-ölsün. Nə olsun ki? Bunu demək çox asandır! Amma, bu günə qədər o yaraların sağalması üçün nələr etmisiniz? Siz bu humanistliyinizi və insansevərliyinizi 30 ildə nə Azərbaycana, nə də onun vətəndaşlarına göstərdiniz. İnanmırıq sizə! Qətiyyən. Heç zaman. Heç vaxt! Xalq bunu istəməz və imkan verməz!" Millət vəkili əlavə edib ki, 35 ildir ki, Ermənistanda bir azərbaycanlı belə yaşamır. Amma, ermənilər bir ay öncəyə qədər ölkəmizdə meydan sulayırdı. İndi də həm Qarabağda, həm də Bakıda minlərlə erməni yaşayır. Qərb isə ikiüzlü siyasət yürüdür və bu faktı görmək istəmir: "Əgər 10,000 erməni Qarabağa dönəcəksə, 10 000 də azərbaycanlı Zəngəzura evinə dönməli və Ermənistan rəhbərliyi onları evlərlə təmin etməlidir. Heç bir təzyiq altında geri çəkilmək yox. Əks halda bir erməninin belə Azərbaycana dönməsinə razı deyilik. Qərb insan hüquqları demir? - desin, biz razıyıq. Amma, insan haqları yalnız xristianlar və ermənilər üçün deyil, azərbaycanlılar da insandır və hüquqları var. Bunu ona görə deyirəm ki, Avropa Birliyinə daxil olan bir sıra ölkələrin Azərbaycana qarşı hərəkətləri səlib yürüşünü xatırladır, xristian-müsəlman söhbətləri aparırlar. Azəbaycan isə hər zaman dünyəvi olub və olacaq. Amma, dünyəvilik istəyənlərə".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31