Azərbaycançılıq ideologiyası xaricdə yaşayan həmvətənlərimizin təşkilatlanmasında mühüm rol oynayır
20 Oktyabr 2023 12:26 SiyasətElsevər Məmmədov: "Bu ideologiyanın əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli bərabərliyi ideyası dayanır"
Ümummilli liderin bizə bəxş etdiyi Azərbaycançılıq ideologiyası günümüzdə daha da inkişaf edərək xalqımızın, dövlətimizin əsas ideoloji bazası, ana xəttinə çevrilib desək yanılmarıq. Bu gün dövlət olaraq atdığımız hər bir addım, gördüyümüz hər bir iş Azərbaycançılıq ideologiyasına əsaslanır, bu ideologiyanın inkişaf, tərəqqisinə xidmət edir.
Azərbaycançılıq ideologiyasının inkişaf etməsi, onun təbliği, dünyada yayılması istiqamətində dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının fəaliyyətini xüsusi qeyd etmək yerinə düşərdi. Günümüzdə ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız öz işlərini məhz bu ideologiya üzərində qurub ki, bu da nəticə etibarilə həm Azərbaycançılıq ideologiyasının geniş şəkildə yayılması, onun təbliğinə, həm də ümumilikdə ölkəmizin beynəlxalq aləmdə daha yaxından tanıdılmasına xidmət edir. Belə təşkilatlardan biri də Benilküs Azərbaycanlıları Konqresidir. Sözügedən Konqresin sədri Elsevər Məmmədovla söhbətimizdə məhz bu məsələlərə diqqət çəkdik.
-Elsevər müəllim, xaricdə Azərbaycançılıq ideologiyasının təbliği zamanı əsas nələrə diqqət edilməlidir?
-Əvvəla onu qeyd edim ki, hazırda fəaliyyət göstərdiyimiz ölkədə, Niderland Krallığında 15-20 min arasında azərbaycanlı yaşayır. Eyni zamanda bir necə böyük şəhərlərdə Azərbaycan diaspora təşkilatları fəaliyyət göstərir. Azərbaycancılıq ideologiyasının təbliği əsasən buradakı diaspora təşkilatlarının və Niderlandda yaşayan azərbaycanlı ailələrin üzərinə düşür. Biz hər zaman burada yaşayan ailələrə öz evlərində ana dilində danışmagı tövsiyə edirik. Bu məsələlərdə çox diqqətli olmalarını məsləhət görürük.
Azərbaycançılıq ideologiyası xaricdə yaşayan həmvətənlərimizin təşkilatlanmasında mühüm rol oynayır. Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli bərabərliyi ideyası dayanır.
-Benilüks Azərbaycanlıları Konqresi olaraq bu istiqamətdə konkret hansı addımlar atır, tədbirlər keçirirsiniz?
-Bildiyimiz kimi 2002-ci ildə Ümummilli Lider Heydər Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin yaradılması barədə" Fərman imzaladı. Sözügedən Dövlət Komitəsi yarandıqdan qısa müddət sonra müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizi Azərbaycançılıq ideyası ətrafında cəmləşdirməyə başladı. Hazırda da Diasporla İş üzrə Dövlət Komitəsi bu təbliğatı uğurla davam etdirir. Bu gün də bir çox ölkələrdə məhz Azərbaycançılıq ideologiyası ətrafında birliyə nail ola bilirik.
Bu gün Benilüks Azərbaycanlıları Konqresinin nəzdində "Qarabag İdman Klubu" , "Həftə sonu Ana dili məktəbi" , "Körpə Fidanlar musiqili teatr qrupu" fəaliyyət göstərir. Bunların hər birinə gələn uşaqlar ancaq Azərbaycan dilində danışırlar. Buda bizim Azərbaycan dilimizin və Azərbaycançılıq ideologiyasının yaşanması deməkdir.
-Xaricdə yetişən gənclər, soydaşlarımızın övladları Azərbaycançılıq ideologiyası əsasında böyüyürlərmi?
-Ümummilli Lider Heydər Əliyev hər zaman deyirdi ki, müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diasporun gücü ilə ölçülür. Vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyevin cəsarəti, ordumuzun qəhramanlığı və diplomatiyamızın mükəmməl fəaliyyəti Avropada yaşayan gənclərimizə əlavə bir güc və motivasiya verdi. Bu məsələlərin hər biri buradakı gənclərimizin Azərbaycançılıq ideologiyası ətrafında birləşməsi üçün çox böyük bir təkan oldu. Hazırda Avropada yaşayan bir çox xalqların nümayəndələri məhz Azərbaycançılıq idrologiyası ətrafında birləşə bilirlər.
Süleyman İsmayılbəyli