Radikal siyasi düşərgənin fəaliyyəti birbaşa Azərbaycan dövlətçiliyinə qarşı müxalifətçilikdir - ÖZƏL
18 Oktyabr 2023 10:29 Siyasət44 günlük Vətən müharibəsində olduğu kimi Azərbaycan Ordusunun Qarabağda qeyri-qanuni erməni hərbi birləşmələri və separatçılara qarşı apardığı lokal xarakterli antiterror tədbirləri zamanı ölkənin siyasi elitası, bütövlükdə cəmiyyət Azərbaycan dövləti və onun Ali Baş Komandanı ilə həmrəylik nümayiş etdirdi. Ölkədə fəaliyyət göstərən siyasi partiyalar bununla bağlı dəstək bəyanatı da imzaladılar. Lakin radikal siyasi düşərgə, AXCP, Müsavat və REAL partiyaları öz ənənələrinə sadiq qalaraq həmin bəyanata imza atmadılar. Radikal düşərgənin bu addımı haqlı olaraq Azərbaycan cəmiyyətində etiraz yaradıb.
"OLAYLAR"-ın xəbərinə görə, politoloq Yusif Bağırzadə bildirib ki, istənilən cəmiyyətdə, hüquqi dövlətdə müxalifət partiyalarının fəaliyyət göstərməsi təbii prosesdir. Azərbaycanda da kifayət qədər normal fəaliyyət göstərən müxalifət partiyaları var:
"Amma AXCP-Musavat kimi heç bir dəyər tanımayan, indiyə qədərki fəaliyyətlərində heç bir proqram ortaya qoymayan, fəaliyyətləri yalnız iqtidara və dövlətə qara yaxmaqdan, demaqoqiyadan, yalandan ibarət olan qurumlar da var ki, onları hətta müxalifət belə adlandırmaq olmur. Çünki müxalifətçilik hakimiyyətə qarşı olmalıdır. Bunların fəaliyyəti isə birbaşa Azərbaycan dövlətçiliyinə qarşı müxalifətçilikdir".