Bu qələbə Ulu Öndər ideologiyasının və şəxsən cənab İlham Əliyevin qələbəsidir
17 Oktyabr 2023 12:23 Siyasət"Unutmayaq ki, qalibiyyətin davamlılığının yeganə qarantı Heydər Əliyev siyasi kursudur və bu kursa münasibətdə ikinci bir səhvi tarix Azərbaycana bağışlamaz. Tarixi qaliblər yazır və İlham Əliyevin işğala, separatizmə son qoyub Xankəndidə bayrağımızı ucaltması məhz qalibin yazdığı tarixdir. Təsis olunduğu gündən üçrəngli bayrağımız Xankəndidə dalğalanmamışdı. Nə Cümhuriyyət tarixində, nə Heydər Əliyevin siyasi hakimiyyətdən uzaqlaşdırıldığı dövrdən bəri heç bir Azərbaycan rəhbəri Xankəndinə getməmişdi, daha doğrusu nə Vəzirov, nə Mütəllibovu Xankəndi maraqlandırmırdı, AXC-Müsavat iqtidarı isə ümumiyyətlə paytaxtdan çıxmağa qorxurdu. Bu mənada Prezident İlham Əliyevin Xankəndi triumfu dövlətçilik tariximizin ən önəmli prosesləri ilə bərabər tutulacaq hadisədir". Olaylar xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmli Milli Məclisin iclasında deyib:
"Sabah 18 oktyabr Müstəqilliyimizin Bərpası Günüdür. Bizim üçün çox önəmli təqvimdir, amma unutmayaq dövlət müstəqilliyimizin bərpası, sadəcə Sovet İttifaqında gedən, SSRİ-nin dağılmasına gətirib çıxaran ictimai-siyasi proseslərin zəruri nəticəsi idi. Ona görə də biz müstəqilliyin bərpası prosesinə yanlış prizmadan baxmamalıyıq. Azərbaycanın dövlət suverenliyi 1969-1982-ci illərdə təməli qoyulmuş potensiala əsaslanır, həmin illər görülən işlər - miqyasına və xarakterinə görə keyfiyyətcə yeni mərhələyə - müstəqilliyə aparan yol idi, sadəcə, bu keçidi təmin etmək lazım idi. Heydər Əliyevin siyasi hakimiyyətdən kənarlaşdırıldığı şəraitdə, Azərbaycan Xalq Cəbhəsi - Vəzirov - Mütəllibov tandemi bu keçidi nə təmin edə bilmədi, nə də etmək istəmədi. Prezident İlham Əliyev Xankəndindən bəyan etdi ki, "Biz bu qələbəyə layiqik". Bu qələbə Ulu Öndər ideologiyasının və şəxsən cənab İlham Əliyevin qələbəsidir".