Füzuli zəfəri: Qələbə salnaməsinin növbəti təntənəsindən 3 il ötür - ÖZƏL

"Biz artıq təqvimdə hüznlə işğal günlərini deyil, qələbə tarixlərini qürurla qeyd edirik. 17 oktyabr Füzuli şəhərinin işğaldan azad olunduğu gündür. 1993-cü ilin hərbi-siyasi xaosu nəticəsində işğal olunan Füzuli rayonu təbiətin füsunkar məkanlarından biri olmaqla yanaşı, həm də çoxsaylı tarixi abidələr diyarı olub". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Hicran Hüseynovanın sözlərinə görə, 44 günlük Vətən müharibəsinin hər gününü tariximizə qələbə səhifəsi kimi yazan müzəffər Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində 2020-ci il oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhərini işğaldan azad etdi:

"Azərbaycan Ordusu məsuliyyətli və peşəkar Ordudur. Baxmayaraq ki, namərd, xain düşmən hərbi cinayətlər törədir, dinc əhalini atəşə tutur və bunun nəticəsində azyaşlı uşaqlar həlak olurdu, Azərbaycan Ordusu bu əməllərin qisasını mülki vətəndaşlardan almırdı. Biz döyüş meydanında qisasımızı almışıq və həlak olanların qanı yerdə qalmayıb.

Təbii ki, 30 il ərzində bütün ərazilərimiz kimi Füzuli rayonu da tamamilə dağıdılıb. Amma Vətən müharibəsi başa çatdıqdan sonra fəxrlə deyə bilərik ki, Füzuli dirçəlir, Füzuliyə həyat qayıdır. Bu gün Füzuli şəhərində, eyni zamanda işğaldan azad edilmiş digər torpaqlarımızda icra edilən infrastruktur layihələri eləcə də qısa müddətdə inşa edilib istifadəyə verilən, "Qarabağın hava qapısı" hesab edilən Füzuli Beynəlxalq Hava Limanı bir daha Azərbaycanın potensialını göstərir, eyni zamanda iqtisadi gücümüzü təcəssüm etdirir. Bununla da torğaqların əzəli sahibləri ora geri qayıtmağa başlayacaq və Qarabağ əvvəlki əzəmətini bərpa edəcək.

Allah torpaqlarımızı, o cümlədən Füzulini azad edən bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağlıq versin.

Bu gün Füzuli azaddır! Bu gün Füzulidə və eləcədə işğaladan azad edilmiş bütün torpaqlarımızda Azərbayacan bayrağı dalğalanır və əbədi dalğalanacaq!

Əziz füzulililər, "Şəhər günü"nüz mübarək!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31