Cənab Prezident Azərbaycan xalqının xəyallarını gerçəyə çevirməyi bacardı - ÖZƏL
16 Oktyabr 2023 11:56 Siyasət"Azərbaycanın tarixi zəfərləri, qələbələri davam edir. Həftə sonu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Xankəndidə Azərbaycan bayrağını ucaltması bunu bir daha təsdiqləyir".
"OLAYLAR" xəbər verir ki, bunu "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri deyib ki, Xankəndidə Azərbaycan bayrağının ucaltmaqla dövlət başçısı Azərbaycan xalqına, eyni zamanda dünyaya ölkəmizin ərazi bütövlüyünün tam bərap edildiyi mesajını vermiş oldu:
"Xankəndidə Azərbaycan bayrağının oktyabrın 15-də ucaldılması da təsadüfi deyil və tarixi məna kəsb edir. Belə ki, 2003-cü il oktyabrın 15-də ölkədə keçirilən prezident seçkilərinin nəticəsi olaraq Cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdi. Əslində elə həmin tarixdən bu prosesin əsası qoyulmuş, torpaqlarımızın işğaldan azad edilməsi və işğal altında olan şəhər-rayonlarımızda Azərbaycan bayrağının ucaldılmasına başlanmışdı. Çünki Cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, eyni zamanda ərazilərimizin işğaldan azad olunmasını başlıca prioritet kimi qarşıya məqsəd qoymuşdu".
Arzuman Muradlı deyib ki, Xankəndidə Azərbaycan bayrağının ucaldılması Cənab İlham Əliyevin 20 illik hakimiyyəti dövrünün yadda qalan məqamlarından biri oldu:
"Cənab Prezident Azərbaycan xalqının xəyallarını gerçəyə çevirməyi bacardı. Müzəffər Ali Baş Komandan kimi bizlərin Şuşa həsrəti, Kəlbəcər yanğısı, Laçın fəryadı, Ağdam niskilimizə son qoydu, eləcə də Xocalı, Xankəndi yuxularımızı çin etdi, onları gerçəkliyə çevirdi. Bu xoşbəxt anları, tarixi hadisələri bizlərə yaşadan Ali Baş Komandan İlham Əliyev və onun Müzəffər Ordusuna təşəkkür edirik. Bu xoş anları bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə tezliklə sağlıqlarına qovuşması arzulayırıq".