"Mina probleminin həlli üçün hədəflərimizi düzgün seçməliyik" - ÖZƏL

"Azərbaycanın mina problemi 30 il davam edən erməni işğalından bizə qalan ən ağır "mirasdır". 30 illik işğal dövründən sonra növbəti 30 il ərzində də Azərbaycanın başını qatmaq üçün məqsədyönlü şəkildə mina problemi yaradılıb. Torpaqlarımızda basdırılmış minaların təmizlənməsi üçün böyük vəsait, ictimai və insan resursları lazım gəlir. Söhbət burda milyonlarla minadan gedir. Mövzunun dünya miqyasına çıxarılması Azərbaycan üçün olduqca vacibdir". 

Bu sözləri Olaylar-a politoloq Aydın Quliyev deyib:

"Əvvəlcə hədəflərimizi düzgün seçməliyik. Şərti olaraq iki hədəfdən danışa bilərik. Birincisi, bunun böyük problem olduğunu, dünyanın Azərbaycana yardım etməsinin vacib olduğunu çatdırmalıyıq. Bütün dünya başa düşməlidir ki, problem böyük xərc tələb etdiyi üçün Azərbaycanın öz imkanları hesabına bunu həll etməsi mümkünsüzdür. Yəni,  Azərbaycana ən azı  20-25 il vaxt lazımdırsa, dünyanın dəstəyi ilə bunu iki dəfə azaltmaq olar. İlk hədəfimiz dünyanın Azərbaycana əməli kömək etməsinə nail olmaqdır. İkincisi, Ermənistanın nə qədər istilaçı olduğunu dünyaya göstərməkdir. Dünyada hələ də Ermənistana təşəbbüskeşlik edənlər var. Mina təhlükəsinin məhz Azərbaycan vətəndaşlarının həyatını təhlükəyə atmaq üçün təşkil edildiyini dünyaya çatdırmaq olduqca əhəmiyyətlidir. Bu halda biz Ermənistanın təcavüzünün mahiyyətini bir daha ifşa etmiş oluruq. Artıq Azərbaycanın başlatdığı iş mina problemi məsələsinin yayılmasını şərtləndirəcək. Azərbaycan Qoşulmama Hərəkatının konfransında minadan əziyyət çəkən ölkələrin təmas qrupunun yaradılması təşəbbüsü ilə çıxış etdi. Bu, Azərbaycan Prezidentinin təşəbbüsü idi. Təmas qrupunun yaradılması Qoşulmama Hərəkatı çərçivəsində önəmli addımdır. Azərbaycan Prezidenti 2030-cu ilə qədər dünyanın inkişaf istiqamətləri sırasına 18-ci istiqamət olaraq torpaqların minadan təmizlənməsi üçün təşəbbüs qaldırıb. Bu, olduqca əhəmiyyətli, qlobal təşəbbüsdür. Buna da nail ola bilsək, Azərbaycanın probleminin dünyaya yayılması üçün vacib addım olacaq. Bütün tiribunalarda dövlət başçısı, ictimai xadimlər, jurnalistlər bu məsələni gündəmə gətirir. Görülən işlər düzgün yolda olduğumuzdan xəbər verir. Ancaq hədəfə çatmağımız haqqında indidən fikir bildirmək olmur. Ən azından Ermənistanın təcavüzkar siyasətini ifşa edəcəyik. Torpaqlarımızın minadan təmizlənməsi üçün dünya dövlətlərinin kömək edəcəyini demək çətindir. Çünki onlar məsələyə ikili standartlarla yanaşırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31