Fransa Ermənistanı öz oyuncağı hesab edir - ÖZƏL
13 Oktyabr 2023 13:00 Siyasət"Avropa hər zaman özündən olmayanı özündən itələyib, onu yaxına buraxmayıb. Tək Türkiyənin 50 ildən çoxdur ki, Avropa İttifaqına qəbuluna necə maneələr uydurduğu göz önündədir. Avropa Ermənistanı öz oyuncağı hesab edir, əsasən də, Fransa və Almaniya. Onların Avropanın aparıcı dövlətləri kimi qurduqları düzənin dağılmasını sakitliklə qəbul edə bilmirlər".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, əslində Azərbaycanın keçirdiyi antiterror tədbirləri və erməni əhalinin ərazini necə tərk etdikləri də göz önündədir:
"Ermənilər özləri kimlərdənsə əmr almış kimi ərazidən çıxıb getdilər və əslində doğrusu da bu idi. İndi bunun üzərindən mənasız iddialar sürmək Avropa üçün prinsip və qisas məsələsidir".
Azər Qasımov deyib ki, Avropa 30 il yürütdüyü siyasətində məğlub olub:
"Bu, onu qıcıqlandırır. Nə qədər Azərbaycandan enerji məsələsində asılı olsalar da, daxillərindəki türk düşmənçiliyi onları bu addımları atmağa sövq edir. Onlar uydurduqları saxta dəyərlərin üzərindən oyun oynamağa hələ davam edirlər".
Politoloqun sözlərinə görə, əgər Azərbaycan dövlətinin erməni əhalinin Qarabağdan getməsinə göstərdiyi münasibət insan hüquqlarının və dəyərlərinin pozulmasıdırsa və Avropanın buna göstərdiyi reaksiya doğrudursa, onda İsrail-HƏMAS qarşıdurmasının görünən vəhşilikləri fonunda Avropanın göstərməli olduğu reaksiya bəs nədir?:
"Avropa İsrailə haqlı olaraq özünümüdafiə adı altında apardığı antiterror əməliyyatını dəstəklədiyi halda, Azərbaycanın öz əhalisini qorumaq, tək öz əhalisi yox, elə erməni əhalini də qorumaq üçün keçirdiyi antiterror tədbirlərinin nəticələrini qəbul etməməsi ikiüzlülük və qərəzlilikdir".