Ermənistanın törətdiyi vəhşiliklər dünya müsəlmanlarına qarşı vandalizm aktıdır - Komitə sədri

"Ermənistan bütün beynəlxalq hüququn norma və prinsiplərin, hətta özünün qoşulduğu normativ hüquqi aktlara hörmət etməyərək  tarixi torpaqlarımızda  humanitar və ekoloji fəlakət törətmiş, təbii sərvətlərimizi talan etmiş, tarixi-mədəni-dini irsimizi dağıtmışdır. Əlbəttə ki, dini abidələrimizin, qəbirlərimizin, məscidlərimizin xarabaya çevrilməsi, təhqir edilməsi tək Azərbaycana deyil, dünya müsəlmanlarına qarşı bir vandalizm aktıdır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili, Milli Məclisin komitə sədri Hicran Hüseynovanın sözlərinə görə, bu gün işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" proqramı milli prioritetlərimiz sırasındadır: "Bu məsələyə toxunan Prezident İlham Əliyev bildirib ki, "Uğurla icra edilən proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. Növbəti 3 ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır. Həyata keçirilən layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət etməklə, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün əlverişli şərait yaradır". Hazırda dünyada ənənəvi enerji mənbələrindən "yaşıl enerji"yə keçid müasir dövrün əsas hədəflərindən biridir. Azərbaycanda da bu sahəyə xüsusi diqqət göstərilir. 2030-cu ilədək elektrik enerjisi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması, işğaldan azad olunmuş ərazilərin "Yaşıl Enerji" Zonasına çevrilməsi ölkəmizin enerji siyasətində ən əsas vəzifələrindən biridir. Elə bu baxımdan da Azərbaycanın İƏT-də sədrlik mövzusunun "Yaşıl keçid və qarşılıqlı bağlantılar" kimi müəyyən edilməsi hazırkı dövrdə xüsusi aktuallıq kəsb edir. Dekarbonlaşma, "yaşıl enerji" növlərinin artırılması kimi məsələlər ölkəmizin dayanıqlı inkişaf gündəliyinin əsasını təşkil edir. Eyni zamanda "yaşıl enerji" zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyasına uyğun olaraq həyata keçirilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31